“Neftçi İdman Klubu” 2021-ci ili böyük uğurlarla başa vurub

“Neftçi İdman Klubu” 2021-ci ili böyük uğurlarla başa vurub

Sadıq Sadıqov,
“Neftçi İdman Klubu” İctimai Birliyi
idarəetmə aparatının rəhbəri,
Əməkdar bədən tərbiyəsi və
idman xadimi




Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən nəhəng işlər və iri layihələr hər birimizdə qürur hissi yaratmaqla bərabər, həm də bizi çox sevindirir. Təbii ki, buna görə, ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Məhz dövlətin, Milli Olimpiya Komitəsinin gündəlik qayğısı sayəsində həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsində Azərbaycan ümumdünya olimpiyaçılar ailəsində böyük nüfuz sahibi olub. Ölkəmizin beynəlxalq aləmdə qazandığı inam sayəsində müxtəlif səviyyəli mötəbər yarışların respublikamızda keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər söylədiklərimizin bariz nümunəsidir.
“Neftçi İdman Klubu” bu sahədə dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edib və bu gün də öz işini uğurla davam etdirir. Klubumuz mütəmadi olaraq neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.
Yola saldığımız ilə nəzər salsaq, klubumuzun çoxsaylı uğurlara imza atdığının şahidi olarıq. Bu müddət ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 30 növü üzrə 81 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.
2021-ci ildə “Neftçi İdman Klubu”nun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm işlər görülüb. İl ərzində həmin işçilər arasında klubumuz tərəfindən çimərlik voleybolu, “Atam, anam və mən” (1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) və mini-futbol (31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnir) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil olunub ki, bu yarışlarda da yüzlərlə insan iştirak edib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu yarışların ən kütləvisi olan spartakiada və bəzi tədbirlər təxirə salınıb.
Böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlara nail olunub. Respublikamız müstəqillik əldə etdikdən indiyə qədər idmançılarımız bütün olimpiadalarda iştirak edərək ölkəmizə medallarla dönüblər. Bununla bərabər, klubun yetirmələri bu gün də müxtəlif səviyyəli beynəlxalq yarışlarda mütəmadi olaraq ölkəmizi layiqincə təmsil etməkdədirlər. Dünyada pandemiyanın hökm sürməsinə və bu səbəbdən bir çox yarışların təxirə salınmasına baxmayaraq, təkcə 2021-ci il ərzində idmançılarımız 248 medal qazanıblar ki, onlardan da 100-ü qızıl, 52-si gümüş, 96-sı isə bürüncdür.

 

Yay Olimpiya və
Paralimpiya
Oyunları


“Neftçi İdman Klubu”nun təmsilçiləri bu il Yaponiyada keçirilən Tokio-2020 Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək, 2 medala sahib olublar.
İdmançılarımızdan sərbəst güləşçi Hacı Əliyev (65 kq) Tokio Olimpiadasında yüksək göstəriciyə nail olub və dördilliyin zirvə yarışında Azərbaycanın aktivinə gümüş medal yazdırıb. Cüdoçumuz İrina Kindzerska isə mötəbər yarışın bürünc medalına yiyələnib. Qeyd edək ki, bu, Azərbaycan yığmasının Tokio-2020 Yay Olimpiya Oyunlarında əldə etdiyi ilk medal idi.
Klubumuzun yetirmələrinin Tokioda keçirilən və 163 ölkədən 4400 idmançının 539 dəst medal uğrunda mübarizə apardığı XVI Yay Paralimpiya Oyunlarındakı möhtəşəm çıxışlarını isə xüsusi vurğulamaq lazımdır. Ümumiyyətlə, Tokio Paralimpiadası Azərbaycan idmanının, xüsusilə milli Paralimpiya hərəkatının tarixinə qızıl hərflərlə yazılıb. Mötəbər yarışa 36 idmançı ilə qatılan milli paralimpiya komandamız 19 medal (14 qızıl, 1 gümüş və 4 bürünc) qazanaraq, 163 ölkə arasında medal siyahısında 10-cu yerdə qərarlaşıb. Bu, yeddinci dəfə Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan yığmasının tarixində ən böyük uğurdur.

Qürurverici haldır ki, Azərbaycan komandasının qazandığı bu parlaq qələbədə “Neftçi İdman Klubu”nun yetirmələri böyük pay sahibi olublar. Belə ki, əldə olunan 19 medaldan 8-ni klubumuzun idmançıları ölkəmizə qazandırıblar.
Paracüdoçumuz, Rio-2016-nın qalibi Ramil Qasımovun və parataekvondoçumuz Aynur Məmmədovanın koronavirus testləri pozitiv çıxdığından onların hər ikisi yarışları buraxmalı olublar. Ancaq bu, komandada bir qədər məyusluq doğursa da, idmançılarımızın mübarizə əzmini qıra bilməyib.
“Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan paracüdoçuları Tokio Yay Paralimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirərək ölkəmizə 8 medal (6 qızıl, 2 bürünc) qazandırıblar.
Təmsilçilərimizdən Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abbaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) isə bürünc medala sahib olublar. Beləliklə, qələbələri ard-arda sıralayan paralimpiyaçılarımız Tokio Yay Paralimpiya Oyunlarında tarixi uğura imza atıblar.
Xatırladaq ki, Tokio Paralimpiadasında ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edirdi ki, onlardan da 22-si “Neftçi İdman Klubu”nun yetirmələri idi.


                            Atletlərimiz birinci
                             MDB Oyunlarında

 


Sentyabr ayında Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında da atletlərimiz uğurlu çıxışları ilə yadda qalıblar. Klubumuzun Azərbaycan millisinin heyətində yer alan yetirmələri mötəbər yarışın 6 medalına (2 qızıl, 2 gümüş, 2 bürünc) yiyələniblər. Onlardan yunan-Roma güləşçilərimiz Nihad Quluzadə (55 kq) və Sərxan Məmmədov (130 kq) qızıl, qadın güləşçimiz Şahanə Nəzərova (50 kq) isə gümüş medal qazanıb. Cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində çıxış edən Əhməd Yusifov yalnız həlledici final qarşılaşmasında komanda yoldaşına məğlub olaraq gümüş medala sahib olub. Digər cüdoçumuz Camal Feyziyev (+100) isə yarışı üçüncü pillədə başa vurub. Samboçumuz Adil Adilzadə (88 kq) də turnirin bürünc medalına layiq görülüb.

 

                                Ən böyük uğura güləşçilərimiz
                               imza atıblar

Yola saldığımız ildə ən böyük uğura klubumuzun güləşçiləri və cüdoçuları imza atıblar. Yuxarıda bu idman növlərində təmsilçilərimizin Tokio-2020 Yay Olimpiya Oyunları və birinci MDB Oyunlarındakı nailiyyətlərini qeyd etdik. Onların 2021-ci il ərzində bəzi mötəbər yarışlarda əldə etdikləri uğurlardan bir neçəsinə də nəzər yetirək.
Mart ayında Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində “Neftçi İdman Klubu”nun yetirmələri uğurla çıxış edərək 3 medala sahib olublar. Sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) turnirin gümüş medalına layiq görülüb və Tokio-2020-yə lisenziya qazanıb. Yunan-Roma güləşçilərimizdən 87 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov qızıl, Sənan Süleymanov (77 kq) isə bürünc medala yiyələnib. Bu turnirdə İslam Abbasov da Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Aprel ayında Polşanın paytaxtı Varşavada böyüklər arasında keçirilən güləş üzrə Avropa çempionatında yunan-Roma güləşçimiz Sənan Süleymanov (77 kq) nüfuzlu yarışın bürünc medalını qazanıb.
May ayında Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında təşkil olunan Avropa çempionatında klubumuzun yunan-Roma güləşçisi Zaur Əliyev (55 kq) uğurla çıxış edib. Belə ki, təmsilçimiz böyük əzmkarlıq nümayiş etdirərək Avropa çempionu adını qazanıb.
İyun ayında Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa birinciliyində sərbəst güləşçimiz Abdulrəhman İbrahimov (60 kq) gümüş medala layiq görülüb. Yunan-Roma güləşçisi, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Kənan Abdullazadə isə qitə birinciliyinin bürünc medalına yiyələnib.
Elə həmin ay “Neftçi İdman Klubu”nun digər yetirməsi, 70 kq çəkidə çıxış edən sərbəst güləşçi Turan Bayramov Almaniyanın Dortmund şəhərində təşkil olunan gənclər arasında Avropa birinciliyinin qalibi olub. Yunan-Roma güləşçisi Xasay Həsənli (72 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Avqust ayında Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında keçirilən dünya birinciliyində klubumuzun yetirmələri - Turan Bayramov (sərbəst güləş, 74 kq) və Elmir Əliyev (yunan-Roma güləşi, 55 kq) inamla mübarizə apararaq dünya üçüncüsü olublar.
Klubumuzun gənc çimərlik güləşçisi Fərid Cabbarov (80 kq) avqust ayında həm Avropa, həm də dünya çempionu titulunu qazanıb. Belə ki, təmsilçimiz əvvəlcə Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Avropa birinciliyində, cəmi bir neçə gün sonra isə Rumıniyanın Konstanta şəhərində təşkil olunan dünya birinciliyində böyük əzmkarlıq nümayiş etdirərək, hər iki yarışın qızıl medalına yiyələnib.
Oktyabr ayında Norveçin paytaxtı Osloda böyüklər arasında keçirilən güləş üzrə dünya çempionatında “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) mundialın gümüş, Murad Məmmədov (60 kq) isə bürünc medalına layiq görülüb.
Noyabr ayında Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında klubumuzun yunan-Roma güləşçiləri Nihad Quluzadə (55 kq) və Ülvü Qənizadə (72 kq) bürünc medala sahib olublar.
Nəhayət, dekabr ayında Bakı İdman Sarayında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında da pəhləvanlarımız böyük uğura imza atıblar. Yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (63 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Orxan Nuriyev (97 kq) və Sərxan Məmmədov (130 kq) bütün qarşılaşmaları qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Taleh Məmmədov (67 kq), Xasay Həsənli (77 kq), Arif Niftullayev (97 kq) gümüş, Ziyad Zeynalov (55 kq), Nihad Quluzadə (60 kq), Şirxan Quliyev (77 kq) və Tural Daşdəmirov (82 kq) isə bürünc medal qazanıblar. Beləliklə, Azərbaycan çempionatını 5 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuran yunan-Roma güləşçilərimiz ümumi komanda hesabında birinci yeri tutublar. Klubumuzun sərbəst güləşçiləri də bu uğuru davam etdiriblər və çempionatın 9 medalını (4 qızıl, 5 bürünc) əldə ediblər. Pəhləvanlarımızdan Zirəddin Bayramov (65 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (86 kq) və Abdulcəlil Şabanov (92 kq) bütün rəqiblərini məğlub edərək ölkə çempionu olublar. İntiqam Vəlizadə, Murad Haqverdiyev (hər ikisi 61 kq), Seymur Cəbrayılov (65 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) isə çempionatı üçüncü yerdə başa vurublar.


 

Cüdoçularımız
onlara bəslənilən ümidləri
doğruldublar


Ötən il”Neftçi İdman Klubu”nun cüdoçuları da uğurlu çıxışları ilə yadda qalıblar. Təmsilçimiz Zelim Kotsoyev (100 kq) aprel ayında Portuqaliyanın paytaxtı Lissabonda böyüklər arasında keçirilən cüdo üzrə Avropa çempionatında mükafatçılar arasında yer alıb. O, 45 ölkədən 300-dən çox idmançının mübarizə apardığı yarışda bürünc medala layiq görülüb. İyul ayında Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında baş tutmuş Avropa kuboku yarışında Azərbaycan millisinin heyətində təmsil olunan idmançımız Nəriman Mirzəyev (66 kq) yarışın bürünc medalını qazanıb. Avqust ayında Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında təşkil olunan cüdo üzrə Avropa birinciliyində klubumuzun yetirmələrindən Aydan Vəliyeva (48 kq) bütün rəqiblərini məğlub edib və Avropa çempionu tituluna yiyələnib. Digər idmançımız Zahir Ağazadə (60 kq) isə qitə birinciliyini üçüncü yerdə başa vurub.

Xanım idmançımız Aydan Vəliyeva (48 kq) senyabr ayında Lüksemburqda baş tutan gənc cüdoçular arasında Avropa birinciliyində daha bir uğura imza atıb. Cüdoçumuz 43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı mötəbər yarışda gümüş medala sahib olub.
Dekabr ayında Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası turnirində “Neftçi İdman Klubu”nun yetirməsi Rüstəm Orucov (73 kq) Serbiyanın “Srvena Zvezda” klubunun heyətində gümüş medala yiyələnib.
Elə həmin ay kişilər və qadınlar arasında təşkil olunan cüdo üzrə Azərbaycan kuboku yarışında da idmançılarımız uğurlu çıxışlarını davam etdiriblər. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçirilən turnirdə klubumuzun yetirmələrindən Balabəy Ağayev (60 kq), Nəriman Mirzəyev (73 kq), Adil Kərimli (100 kq) və Aydan Vəliyeva (48 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Rövşən Əliyev (60 kq), Camal Feyziyev (+100 kq) gümüş, Əhməd Yusifov (60 kq), Yaşar Nəcəfov (66 kq), Zelim Tçkayev (81 kq), Vüqar Talıbov (90 kq), Hüseyn Dadaşov (100 kq), Şahin Qəhrəmanov (+100 kq), Ayşə Qurbanlı (48 kq), Ülviyyə Bayramova (52 kq) və Nigar Süleymanova (+78 kq) isə bürünc medal əldə ediblər. Qeyd edək ki, “Neftçi İdman Klubu”nun cüdoçuları 52 komandanın heyətində 307 idmançının (250 kişi, 57 qadın) qalib adı uğrunda mübarizə apardığı yarışda 4 qızıl, 3 gümüş, 8 bürünc medal qazanaraq ümumkomanda hesabında 1-ci yeri tutublar və Azərbaycan kubokuna sahib olublar. Bundan əlavə, cüdoçularımız il ərzində müxtəlif ölkələrdə təşkil olunmuş “Böyük dəbilqə” və Qran-pri beynəlxalq turnirlərində də əzmlə mübarizə apararaq ölkəmizə medallarla dönüblər.


 

Atletika, atıcılıq və şahmat yarışları
uğurla yadda qalıb


Fevral ayında İstanbulda keçirilən atletika üzrə 26-cı Balkan çempionatında “Neftçi İdman Klubu”nun yetirməsi, Avropa çempionu Nazim Babayev üçtəkanla tullanma yarışında bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. İyunda klubumuzun təmsilçisi Ruslan Lunyov Xorvatiyanın Osiek şəhərində güllə atıcılığı üzrə təşkil olunan Avropa çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında 582 xal toplayaraq bürünc medala yiyələnib.
“Neftçi İdman Klubu”nun yetirməsi Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi və dünyanın şahmat ulduzlarının mübarizə apardığı nüfuzlu “Champions Chess Tour”da (Çempionlar Turunda) böyük uğura imza atıb. Şahmatçımız “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Teymur Rəcəbov seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində üçüncü, final mərhələsində isə ikinci yeri tutub. Qeyd edək ki, 2021-ci il yanvar ayının əvvəlində start götürmüş və oktyabrın 4-dək davam edən “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olub.
Bundan əlavə, klubumuzun yetirmələri müxtəlif idman növlərində də il ərzində dünya, Avropa çempionat və birinciliklərində, eləcə də digər beynəlxalq turnirlərdə əzmkarlıq nümayiş etdirərək ölkəmizə medallarla dönüblər.
2021-ci ildə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də mühüm addımlar atılıb. Yüksək liqada çıxış edən kişilərdən ibarət voleybol komandamız sonuncu Azərbaycan çempionatında turnir cədvəlinin lideri olsa da, koronavirus pandemiyası səbəbindən çempionat yarımçıq dayandırılıb.

 

“Neftçi İdman
Klubu” uşaq futbolunun inkişafını daim diqqətdə
saxlayır


“Neftçi İdman Klubu” uşaq futbolunun inkişafını özünün prioritet məsələlərindən hesab edir. Ona görə də uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər və kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən daim seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Hal-hazırda “Neftçi İdman Klubu”nda 24 məşqçinin rəhbərliyi altında 300-ə yaxın uşaq və yeniyetmə futbolun sirlərini öyrənir. Klubumuzun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda yüksək səviyyədə təmsil olunurlar.
Sadaladığımız bu uğurlar il ərzində klubun əldə etdiyi çoxsaylı nailiyyətlərin cüzi bir hissəsidir.
Ümumiyyətlə, qazandığı yüksək nailiyyətlər sayəsində “Neftçi İdman Klubu” Gənclər və İdman Nazirliyi tərəfindən 2007-2013-cü illərdə ardıcıl olaraq yeddi dəfə, sonrakı illərdə isə daha bir neçə dəfə “İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb.
Təbii ki, əldə olunan nailiyyətlər bizi sevindirməyə bilməz. Ancaq qazanılan bu uğurlarla kifayətlənmək fikrində də deyilik. Əksinə, daha yüksək nətcələr əldə etmək üçün inamla, əzmlə çalışırıq.