Gənc cüdoçular Bakı birinciliyində qüvvələrini sınayacaqlar

Gənc cüdoçular Bakı birinciliyində qüvvələrini sınayacaqlar

Sabah gənclər (U-21) arasında cüdo üzrə Bakı birinciliyinə start veriləcək. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarış federasiya ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.
Yarışda Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 180-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.
İki gün davam edəcək yarışda qızlar 44, 48, 52, 57, 63, 70, 78 +78 kiloqram, oğlanlar isə 55, 60, 66, 73, 81, 90, 100, +100 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar. Yarışda 2002-2004-cü il təvəllüdlü idmançılar iştirak edəcəklər.
Yarışın təşkilində əsas məqsəd fevralın 25-27-də keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimi, həmçinin gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, cüdonun kütləviliyinə və təşviqinə nail olmaqdır.