Bu gün Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində gənclər (U-21) arasında cüdo üzrə Bakı birinciliyi start götürüb. Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 180-ə yaxın idmançı medallar uğrunda mübarizə aparır.
İki gün davam edəcək yarışda qızlar 44, 48, 52, 57, 63, 70, 78 +78 kiloqram, oğlanlar isə 55, 60, 66, 73, 81, 90, 100, +100 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar. Yarışda 2002-2004-cü il təvəllüdlü idmançılar iştirak edirlər.
Yarışın təşkilində əsas məqsəd fevralın 25-27-də keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimi, həmçinin gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, cüdonun kütləviliyinə və təşviqinə nail olmaqdır.