Ukraynanın paytaxtı Kiyevdə keçirilən yeniyetmələr arasında boks üzrə dünya birinciliyinə yekun vurulub. Azərbaycan milli komandası yarışda 2 gümüş və 2 bürünc medal qazanıb. 63 kq çəki dərəcəsində yarışan İsmayıl Hüseynov finalda rusiyalı Hüseyn Maqomedovla üz-üzə gəlib.3 raunddan sonra hər üç hakim rusiyalı boksçunun 29:28 hesablı qələbəsini qeydə alıb. Bününla da idmançımız gümüş medal qazanıb. Rövşən Musayev (66 kq) isə həlledici qarşılaşmada Qazaxıstan idmançısı Raxat Marxizpayevlə üz-üzə gəlib. Bu görüşdə də hər 3 hakimin fikri eyni olub - 0:3 (28:29, 27:30, 27:30).
70 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Tarverdili yarımfinalda uduzaraq, bürünc medalla kifayətlənib. Komandamızın üzvü Şükran Mehdiyev (80 kq) də dünya birinciliyində bürünc medal qazanıb.
Ümumi hesabda Rusiya 1-ci, Kuba 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub. Millimiz isə 8-ci pillədə qərarlaşıb. Xatırladaq ki, 2 il öncə Qazaxıstanda keçirilən yeniyetmələr arasında dünya birinciliyində komandamız yalnız 1 bürünc medal əldə etmişdi. Kiyevdə keçirilən yarışda Rövşən Hüseynov ölkəmizi hakim kimi təmsil edib.