Dünya kubokunu qalibi olan komandamız Vətənə qayıdıb

Dünya kubokunu qalibi olan komandamız Vətənə qayıdıb

İsveçrənin Sankt-Morits şəhərində qarüstü polo üzrə 37-ci dünya kubokunun qalibi olan “Land of Fire” komandası Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Atcılıq Federasiyasının nümayəndələri, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, 6 komandanın iştirak etdiyi turnirdə komandamızın ilk görüşdəki rəqibi “Perrier Jouet” komandası olub. Oyunda inamlı qələbə qazanmış komandamız 2019-cu ilin qalibi “Badrutts Palace” ilə yarımfinal matçında əzmkarlıq nümayiş etdirərək rəqibini məğlub edib və turnirin həlledici final qarşılaşmasında “Clinique La Prairie” ilə üz-üzə gəlib.

Final oyununa rəqib komanda reqlamentə uyğun olaraq yarım xal fərqlə öndə başlayıb. Lakin buna baxmayaraq, "Land of Fire" komandası prinsipial oyunun bütün komponentlərində rəqibdən üstün olaraq 6-2,5 xal hesabı ilə qələbə qazanıb.

Beləliklə, Azərbaycan poloçuları tarixdə ilk dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi adını qazanıb.