Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) və Azərbaycan Reqbi Federasiyasının (ARF) rəhbərlikləri arasında görüş olub. Görüşdə Komitənin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, ARF-in prezidenti Elşən Abbasov, birinci vitse-prezident Elvar Osmanov, vitse-prezident Müşfiq Cəfərov, baş katib Samirə Allahverdiyeva və digərləri iştirak ediblər.
Qonaqları salamlayan AMPK-nın prezidenti İ.Rəhimov ölkəmizdə Paralimpiya hərəkatının inkişafı, əldə olunan nailiyyətlər, idmançılarımızın Tokio-2020 Yay Paralimpiya Oyunlarında uğurlu çıxışı barədə məlumat verib.
İ.Rəhimov qeyd edib ki, ölkəmizdə Paralimpiya tarixində ilk dəfə Azərbaycan Qış Paralimpiya Oyunlarında təmsil olunacaq. Bu, Azərbaycanda idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir. Qarşıda bizi daha ciddi sınaqlar gözləyir. İnanıram ki, Tokioda əldə olunan uğuru paralimpiyaçılarımız Paris-2024 Yay Paralimpiya Oyunlarında da davam etdirəcəklər.
ARF-in prezidenti E.Abbasov idmanın bu növünün ölkəmizdə inkişaf etdirilməsi, kütləviləşməsi və təbliği istiqamətində görülən işlər barədə məlumat verib. Dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü uğurlu idman siyasətindən danışan federasiya rəsmisi qeyd edib ki, reqbi dünyada nüfuzlu idman növlərindən biri hesab olunur. Ölkəmizdə idmanın bu növünün inkişaf etdirilməsini qarşıya məqsəd qoymuşuq. Paytaxtda və regionlarda reqbi klubları fəaliyyət göstərir. Reqbinin kütləviləşməsi istiqamətində Bakıda və regionlarda mütəmadi görüşlər təşkil olunur, mütəxəssislər üçün təlimlər keçirilir. Əsas hədəf irimiqyaslı turnirlərdə iştirak etmək və mükafatçılar sırasında yer almaqdır.
Görüşdə ölkəmizdə əlil arabasında reqbi idmanının inkişaf perspektivləri müzakirə olunub.
Sonda hər iki qurum arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.