Təl-əvivdə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Dünyanın 34 ölkəsindən 300-ə yaxın idmançının iştirak etdiyi turnirdə Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar. Baş məşqçi Mövlud Mirəliyev və böyük məşqçi Elçin İsmayılov rəhbərlik etdiyi komandamızın heyətində 9 cüdoçumuz yer alıb. Yarışın ilk günündə 3 cüdoçumuz tatami üzərinə çıxıb. Təmsilçilərimizdən Yaşar Nəcəfov çıxışını medalla başa vurub. 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz turnirdə gümüş medala sahib çıxıb. İlk görüşdə ukraynalı Yevhen Honçarko, sonrakı qarşılaşmalarda İsrail cüdoçusu Eylon Barşeşet, ispaniyalı Alberto Martınə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Monqolustan təmsilçisi Xerlen Qanboldu məğlub edən idmançımız adını finala yazdırıb. Yaşar Nəcəfovun monqolustanlı rəqibinə tətbiq etdiyi fənd Beynəlxalq Cüdo Federasiyasının şərhçiləri tərəfindən xüsusi maraqla qarşılanıb. Həlledici mərhələdə cüdoçumuz israilli Barux Şmailova məğlub olaraq gümüş medala sahib çıxıb.