Karateçilərimiz  Premyer Liqa yarışında mübarizəyə başlayırlar  

Karateçilərimiz  Premyer Liqa yarışında mübarizəyə başlayırlar  

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində Karate1 Premyer Liqa yarışına start veriləcək. 55 ölkədən 342 idmançının mübarizə aparacağı yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayacaqlar. 3 gün davam edəcək yarışda millimizin heyətində 9 idmançı yer alıb. Belə ki, kişilərin yarışında Əminağa Quliyev, Sultan Hüseynov (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Turqut Həsənov, Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq), qadınların turnirində isə İrina Zaretska (68 kq) mübarizə aparacaqlar. Kata üzrə isə ölkəmizi Roman Heydərov təmsil edəcək.
Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov, Anar Allahverdiyev və Rənad Əliyev Premyer Liqanı idarə edəcək hakimlər sırasında yer alıblar. R.Əliyev, həmçinin dərəcəsini yüksəltmək üçün Dünya Karate Federasiyasının (WKF) Hakimlər komitəsinə imtahanlara qatılıb.
Yarışın formatında dəyişikliklər edilib. Kumite yarışlarında hər çəki dərəcəsində 8 qrupa bölünən 4 idmançı dairəvi sistemlə yarışacaq. Qruplardan iki nəfər növbəti mərhələyə çıxacaq. Sonra isə fərqlənən idmançılar mübarizəni davam etdirəcəklər. Yarımfinalda məğlub olanlar bürünc medala sahib olacaqlar. Komanda kata yarışları Premyer Liqa turnirlərinin proqramından çıxarılıb.