Veteran idman mütəxəssisinin 80 yaşı tamam olub

Veteran idman mütəxəssisinin 80 yaşı tamam olub

Vaqif Gözəlov 1942-ci il fevralın 16-da Şirvan (Əli Bayramlı) şəhərində dünyaya göz açıb. O, 1960-cı ildə indiki S.Hüseynov adına şəhər 1 saylı tam orta məktəbi bitirib.
Vaqif Gözəlov ömrünün çox hissəsini idmanın boks növünə həsr edib. Doğma şəhərdə bu idman növünün təməlini də 1959-cu ildə məhz Vaqif müəllim qoyub. O, 1959-cu ildə “Məhsul” İdman Cəmiyyətində məşqçi işləyib. Onun rəhbərlik etdiyi boks bölməsinə nəinki Şirvandan, eləcə də, ətraf rayonlardan uşaqlar gəlirdi. Vaqif müəllimin yetirmələri Azərbaycan çempionatlarında mükafatalayiq yerlər tutublar.
O, həm də bir idmançı kimi respublika yarışlarında Şirvanın idman şərəfini qoruyub. Onun məşqçi-idmançı kimi fəaliyyətindən razı qalan Azərbaycan Boks Federasiyasının rəhbəri Abbas Ağalarovun təqdimatı ilə Vaqif Gözəlov Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstituna qəbul olunub.
Müxtəlif illərdə Azərbaycan çempionatlarında fəxri kürsüyə qalxaraq çempion adına layiq görülən V.Gözəlov çox keçməyib ki, Azərbaycanın yığma komandasının tərkibinə qəbul olunub. 1963-cü ildə yığma komandanın tərkibində Vilnüs şəhərində keçirilən “Lokomotiv” idman cəmiyyəti mərkəzi şurasının birinciliyində bürünc medal qazanıb. Həmin il o, Krasnodar çempionu, eyni zamanda Azərbaycan birinciliyinin qalibi adına layiq görülüb. 1962-1966-cı illərdə o, ali məktəb tələbə boksçularının birinciliyinin də qalibi olub. V.Gözəlov həmçinin Moskva, Kaunas şəhərlərində, Ukrayna, Gürcüstan, Qazaxıstan, Latviya, Belarus, Litva, Estoniya respublikalarında keçirilən beynəlxalq turnirlərdə fəxri kürsüdə yer alıb.
O, 1966-cı ildə idman ustası adına layiq görülüb.
Məzunu olduğu 1 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyən V.Gözəlov 1968-ci ildə sovet ordusu sıralarına çağırılıb. Bir il ordu sıralarında xidmət etdikdən sonra ehtiyatda olan zabit kimi rayona qayıdıb və 14 saylı beynəlmiləl orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib.
1972-ci ildə onun rəhbərlik etdiyi rayonun yığma komandasının respublika birinciliyində komanda hesabında 2-ci yerə layiq görülməsini indi də fəxrlə xatırlayır. Həmin dövrdə Vaqif müəllimin perspektivli yetirmələrinin sıraları günü-gündən genişlənirdi. Bu idmançılar respublikadan kənarda da yaxşı tanınırdı. 1996-cı ildə Vaqif müəllimin həyatında daha bir əlamətdar hadisə baş verib. Həmin il o, respublika dərəcəli hakim adına layiq görülüb. 1998-ci ildə Ümumdünya Boks Assosiasiyasının (İBA) prezidenti, pakistanlı professor Ənvər Coudrinin şərəfinə Bakı şəhərində keçirilən yarışda obyektiv hakimliyə görə İBA-nın diplom və medalına layiq görülüb. Bir il sonra Azərbaycan birinciliyinə baş katiblik edən Vaqif müəllimə 2001-ci ildə Beynəlxalq dərəcəli hakim adı verilib. Həmin ildən də Vaqif Gözəlov ölkə, Avropa, dünya birinciliklərində, beynəlxalq turnirlərdə hakimlik edib. 2002-ci ildə o, Fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülüb.
Vaqif müəllim 2005-ci ildə əməkdar idman ustası adını alıb.
Təcrübəli mütəxəssisin məşqçilik fəaliyyəti səmərəli və məhsuldar olub. O, məşqçilik dövründə 10 nəfər SSRİ idman ustası, 8 nəfər ustalığa namizəd, 15 nəfər məşqçi-müəllim, 13 nəfər idman hakimi, 170 nəfərdən çox 1-ci dərəcəli, yüzlərlə 2-ci və 3-cü dərəcəli idmançılar hazırlayıb.
Yubilyarın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə, Vaqif Gözəlov “Tərəqqi” medalı ilə təltif olunub. Dövlət başçısının 19 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təcrübəli müətəxəssisə Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adı verilib.
Vaqif müəllim idman sahəsində göstərdiyi xidmətlər, qazandığı uğurlarla qürur duymağa haqqı var. Ona görə ki, şərəflə yaşadığı 80 illik ömrünün əsas hissəsini idmanın inkişafına və xalqına, Vətənə layiq övladlar tərbiyə etməyə həsr edib. Biz də “Olimpiya dünyası” qəzeti olaraq, Vaqif Gözəlovu 80 illik yubiley münasibəti ilə təbrik edir, ona cansağlığı arzulayırıq.