Masallıda “Çempionlarımız” layihəsində növbəti görüş

Masallıda “Çempionlarımız” layihəsində növbəti görüş

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” adlı birgə sosial idman layihəsi çərçivəsində məktəblilər üçün təşkil olunmuş növbəti görüş Heydər Əliyev Mərkəzində keçirilib. Məktəblilərin qonağı boks idman növü üzrə respublika çempionatının bürünc mükafatçısı Qəyyum Quliyev olub. Görüşdə məktəb müəllimləri və şagirdlərlə bərabər rayon gənclər və idman idarəsinin, Təhsil şöbəsinin əməkdaşları, tanınmış idmançılar iştirak edirdilər.
Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi, eləcə də Qəhrəmanlar parkındakı şəhidlər abidə-kompleksi ziyarət olunub. Heydər Əliyev Mərkəzinə gələn tədbir iştirakçıları Qarabağ müharibəsində canını Vətəninə qurban verən igid oğlanların, Xocalı faciəsində günahsız həlak olanların xatirəsini ehtiramla anıblar.
Tədbirin açılış mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov öz çıxışında deyib: “Respublikamızda idmana böyük diqqət və qayğı göstərilir. Ölkə rəhbərliyin gərgin əməyi sayəsində ölkəmizdə idmanın inkişafı üçün çox gözəl şərait yaradılıb. Gənclərimiz yaradılan bu şəraitdən istifadə edərək sağlam, möhkəm iradəli, vətənpərvər bir gənc kimi yetişməklə ölkə həyatında fəal çalışırlar. Qonağımız gözəl idmançı, qazandığı uğurlarla hamımızın sevimlisi olan, boks idman növü üzrə respublika çempionatının bürünc mükafatçısı Qəyyum Quliyevdir. Gələcək yarışlarda ona yeni-yeni qələbələr, hər zaman Azərbaycanın üçrəngli bayrağını uca zirvələrə ucaltmağı arzulayıram”.
Masallı rayon Təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov, boks idman növü üzrə Əməkdar məşqçi Həbib Mehtiyev də çıxış edərək ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açıb, idmançılara gələcəkdə iştirak edəcəkləri bütün yarışlarda uğurlar diləyiblər.
Boks üzrə respublika çempionatının bürünc mükafatçısı Qəyyum Quliyev öz növbəsində iştirak etdiyi yarışlar haqqında xatirələrini bölüşərək, ona ünvanlanan məktəblilərin suallarına cavab verib.

                                         Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü