Avropa çempionatında uğurla çıxış edən pəhləvanlarımız Vətənə qayıdıblar

Avropa çempionatında uğurla çıxış edən pəhləvanlarımız Vətənə qayıdıblar

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında uğurla çıxış edən sərbəst güləşçilərimiz Vətənə qayıdıblar. Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları Azərbaycan Güləş Federasiyasının təmsilçiləri, ictimaiyyət nümayəndələri, media mənsubları və güləşçilərin yaxınları qarşılayıblar.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş üzrə milli komandası Budapeştdə keçirilən Avropa çempionatında tarixi uğura imza atıb. Yarışa tam heyətlə yollanan yığmanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında idmançılarımız 1 qızıl, 4 gümüş və 2 bürünc medala sahib çıxıblar. Pəhləvanlarımızdan Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Abubakr Abakarov (86 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb. Yekunda 159 xal toplayan yığma komanda hesabında Avropa çempionu olub.