Veteran stolüstü tennisçilər xatirə turnirində bir araya gəldilər

Veteran stolüstü tennisçilər xatirə turnirində bir araya gəldilər

Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turniri keçirilib. “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda veteran idmançılar mübarizə aparıblar. Turnirin yekun nəticələrinə görə, qadınların yarışında Billurə Eminova bütün rəqiblərindən üstün olaraq qalib adını qazanıb. Rüfət Əliyeva ikinci, Xəyalə Qiyasova isə üçüncü yerə sahib çıxıb.

Zaur Mikayılov 40-49 yaşlı kişilərin turnirində çempion tituluna yiyələnib. Məzahir Həsənov 50-59, İlham Ağayev 60 və yuxarı yaş qrupunda çempionatın qalibi olub. Qoşa yarışlarda isə Rəhim Hüseynov – Əli Heydəri cütlüyü birinci yeri tutub.

Yarışın qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, turnirin əsas məqsədi veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir.