Yunanıstanın Heraklion şəhərində keçirilən usta cüdoçular arasında Avropa çempionatına iyunun 5-də yekun vurulub. 31 ölkədən 236 (213 kişi, 23 qadın) idmançının 4 gün ərzində mübarizə apardığı yarışda komandamız 8 yaş kateqoriyasında 20 idmançı ilə təmsil olunub.
Yığmamız həm fərdi, həm də komanda yarışlarında uğura imza ataraq fəxri kürsüdə yer alıb. Belə ki, millimizin heyətində “Judo Club 2012”nin idman zalında məşq edən 20 cüdoçudan 19-u fərdi yarışları medalla başa vurub. Veteranlardan ibarət komandamızın baş məşqçisi, 9 qat dünya, 8 qat Avropa çempionu Fərhad Rəcəblinin rəhbərlik etdiyi millimiz qitə çempionatında 9-u qızıl, 5-i gümüş, 5-i bürünc olmaqla 19 medala sahib çıxıb.
Komandamıza qızıl medalları Nadir Babayev (M1, -73 kq), Tural Səfquliyev (M1, -100 kq), Məmməd Məmmədov (M2, -73 kq), Samir İsmayılov (M2, -81 kq), Azər Fətullayev (M3, -81 kq), Babək Hacıyev (M4, -60 kq), Emil Hüseynov (M4, -100 kq), Mübariz Cəfərov (M5, -90 kq) və Azərbaycanın ən titullu veteran cüdoçusu Fərhad Rəcəbli (M7, -90 kq) qazandırıb. Bu qələbə Heraklionda öz qalib imicinə sadiq qalan azərbaycanlı cüdo əfsanəsi Fərhad Rəcəblinin 8-ci Avropa çempionluğu kimi yadda qalıb.
Gümüş medallara isə Vüqar Babayev (M2, -66 kq), İntiqam Ələkbərov (M2, -100 kq), Mahir Ağamirzəyev (M4, -90 kq), Müşfiq Cəfərov (M5, -73 kq) və Qabil Qasımov (M6, +100 kq) layiq görülüb.
İlham Heydərov (M2, -100 kq), Ramil Muradov (M2, -100 kq), Rauf Fərzəliyev (M4, -73), Natiq Qasımov (M6, -81 kq) və Şamil Sövzəliyev (M8, -81 kq) isə fərdi yarışların bürünc medallarına sahib çıxıblar.
Beləliklə, fərdi yarışları 19 medalla başa vuran cüdoçularımız bu nəticə ilə
kişilər arasında və ümumi komanda hesabında birinci yeri tutublar. İkinci yerə 5 qızıl, 5 gümüş və 3 bürünc medalla İtaliya komandası sahib çıxıb. Gürcüstanlı veteranlar isə 5 qızıl, 2 gümüş və 9 bürünc medalla üçüncü olublar. Bu, cüdo ustalarımızın veteranlar arasında keçirilən Avropa çempionatları tarixində qazandığı ən yüksək nailiyyət hesab olunur.
Qitə çempionatının sonuncu günündə isə komanda yarışları təşkil olunub. 5 komandanın iştirak etdiyi yarışlarda Azərbaycan təmsilçiləri kişilər arasında 30-39 yaş qrupu üzrə mübarizə aparıb. Cüdo millimiz yarışı bürünc medalla başa vurub. Komandamız üçüncü yer uğrunda həlledici görüşdə Fransa yığmasına qalib gəlib. Komanda yarışlarının qalibi isə Gürcüstan millisi olub.
Usta cüdoçularımızdan Heraklionda tarixi nailiyyət