“Hazırlıqlarımız “Sərhədçi” İdman Olimpiya Mərkəzində davam edir. Komandamıza yeni gənc oyunçular dəvət olunub”.
Bu sözləri “Olimpiya dünyası” qəzetinə müsahibəsində kişilərdən ibarət yığma komandanın üzvü Vüqar Bayramov deyib.
Yığma komandanın təcrübəli voleybolçusu federasiya tərəfindən yarışlara hazırlıqla bağlı hər cür şərait yaradıldığını bildirib:
“Bakıdakı hazırlıqlardan sonra ölkə xaricində də təlim-məşq toplanışında iştirak edəcəyik. Çalışacağıq ki, qarşıdakı yarışlarda bizə olan etimadı doğruldaq. Qeyd edim ki, mən Qazaxıstanın “Taraz” klubunda çıxış etdiyim üçün hazırlıq prosesinə bir qədər gec qoşuldum. Bu klubun heyətində Qazaxıstan və Asiya çempionatında iştirak etdim. Komandamız Asiya çempionatında dördüncü yeri tutdu. Düzdür, müəyyən qədər yorğunluq var. Amma bir az istirahət edib, yenidən məşqlərə başladım. Çünki zamanımız yoxdur”.
V.Bayramov həmçinin AVRO-2023-ün A qrupunda qarşılaşacaqları rəqiblərini də dəyərləndirib.
“Həm Danimarka, həm də Türkiyə Avropa voleybolunda güclü komandalardan hesab olunur. Türkiyədə güclü basketbol çempionatları var. Hazırda qardaş ölkənin milli komandaları Qızıl Liqa oyunlarında iştirak edirlər. Bu baxımdan rəqibləri dəyərləndirsək, bizi çətin oyunlar gözlədiyini demək olar. Amma bu, o demək deyil ki, biz hazırlıqsız və ya zəif komandayıq. Son ana qədər mübarizə aparacağıq. İnanıram ki, oyunlarda yaxşı nəticələr əldə edəcəyik”, - deyə Vüqar Bayramov qeyd edib.
Vüqar Bayramov: “İnanıram ki, oyunlarda yaxşı nəticələr əldə edəcəyik”