2005-2006-cı illər təvəllüdlü voleybolçu oğlanlar arasında keçirilən 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş açıq voleybol turnirinə yekun vurulub.
4 komandanın - “Masallı”, “Bakı”, “Sumqayıt” və “Cəlilabad” mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşlərdən sonra 9 xal toplayan “Bakı” komandası turnirin qalibi adını qazanıb. Liderdən 3 xal az toplayan “Cəlilabad” voleybolçuları gümüş medallara layiq görülüblər. Aktivində 3 xal olan “Masallı” komandası isə bürünc medala sahib çıxıb.
Azərbaycan Voleybol Federasiyası və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə kubok və diplomlar təqdim olunub. Mükafatları Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi, oğlan voleybolçular üzrə seleksiyaçı məşqçi Yaqub Rəsulov və Masallı rayon rəsmiləri təqdim ediblər.
“Bakı” komandası 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş turnirin qalibi oldu