Raqif Abbasov: "Millinin ən çox tənqid olunduğu dövrdə dəstəyə ehtiyacı var"

Raqif Abbasov: "Millinin ən çox tənqid olunduğu dövrdə dəstəyə ehtiyacı var"

"Sabahkı matçda milli komandaya dəstək verməliyik. Slovakiya ilə görüşdə gənclərimiz də tribunada olacaq. Yığmanın ən çox tənqid olunduğu dövrdə dəstəyə ehtiyacı var".

Bunu "Olimpnews"a açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan millisinin Bakıda Slovakiyaya qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.

O, futbolsevərləri və yığmaya dəstək olmaq istəyən hər kəsi "Dalğa Arena"dakı qarşılaşmaya dəvət edib: "Azərbaycan millisindən qələbə gözləyirik. Komandaya bugünkü çətin dövründə mütləq dəstək lazımdır. Millidəki hər bir azərbaycanlı oyunçu komanda üçün canı, qanı və bütün bacarığı ilə maksimum gücünü ortaya qoymalıdır. Onlardan qalibiyyət gözləyirik və buna inanırıq. Bütün futbolsevərləri 12-ci oyunçu kimi milliyə dəstək olmağa çağırırıq. Komandanın nəticələrinin yaxşı olması üçün əlimizdən gələni etməliyik. Millinin hər üzvü də bilməlidir ki, onların üzərində böyük məsuliyyət var".

Abbasov yığmanın əvvəlki iki qarşılaşmalarda bir xalla kifayətləndiyini xatırladıb: "İnam, zəhmət, çalışqanlıq, ortaya qoyulan Vətən sevgisi və oyunçuların məsuliyyət yükünü dərk etməsi bizi qalibiyyətə doğru apara bilər. İstənilən halda bu gün bütün çatışmazlıqları bir yana qoyub, millinin yanında olmağımız vacibdir. Tarix yalnız nəticəni yadda saxlayır. Nəticə üçün hər birimiz üzərimizə düşən məsuliyyət yükünü dərk etməliyik. Sabahkı qarşılaşmada hər bir dəstək qələbəyə böyük təkan verəcək. Slovakiya ilə görüşdə müsbət nəticə əldə olunsa, Balarusla ev oyunundan əvvəl komandada böyük inam yaranacaq".

Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.