Qarabağ həqiqətlərini yaxından öyrənmək istəyən Paraqvay nümayəndə heyətinin işğaldan azad edilən ərazilərimizə səfərləri davam edir.
“Report”un Qarabağ bürosunun məlumatına görə, Paraqvay parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Valter Enrike Harms və Paraqvay Senatındakı Paraqvay-Azərbaycan Dostluq Qrupunun sədri Lukas Akino Xaran işğaldan azad edilən Füzuli şəhərindən sonra Şuşa şəhərində olublar.
Azərbaycan Prezidentinin işğaldan azad edilən ərazilər üzrə xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən Şuşa şəhəri barədə geniş məlumat verilib. Ermənilərin işğaldan sonra Şuşada dağıtdıqları maddi-mədəniyyət abidələrinin qalıqları göstərilib.
Qonaqlar dahi sənətkar Bülbülün ev muzeyi, Qala divarlarına baxıblar. Onlara Şuşada aparılan quruculuq işləri barədə də ətraflı məlumat verilib.
14:19
Paraqvay parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Valter Enrike Harms və Paraqvay Senatındakı Paraqvay-Azərbaycan Dostluq Qrupunun sədri Lukas Akino Xaranın Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfərləri başlayıb.
“Report”un Qarabağ bürosunun məlumatına görə, qonaqlar ilk olaraq Füzuli aeroportunda olublar. Burada qonaqlara aeroportun inşası zamanı ərazinin minalardan təmizlənməsi və inşa müddətinin rekord müddətə - 8 ay ərzində inşa edilərək başa çatdırılması bildirilib. Səfərin davamında qonaqlar Füzuli şəhərində olublar.
Azərbaycan Prezidentinin işğaldan azad edilən ərazilər üzrə xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov qonaqlara Füzuli şəhəri və ümumilikdə işğal olunan ərazilərdə törədilən erməni vandallığı barədə geniş məlumat verib.
Xatırladaq ki, Paraqvay Cənubi Amerikda Xocalı soyqırımını rəsmən tanıyan respublikalardan biri olub. Xocalı faciəsinin tanınmasında bu şəxslərin müstəsna rolları olub.