Namiq Abdullayev: "Prezidentin güləşçiləri qəbul etməsi böyük stimul oldu"

Namiq Abdullayev: "Prezidentin güləşçiləri qəbul etməsi böyük stimul oldu"

"İdmana diqqət və qayğısını əsirgəməyən Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin komandalarımızı qəbul etməsi, ardınca böyüklər arasında Avropa çempionu olan yunan-Roma və sərbəst güləş üzrə millilərimizlə görüşüb, onları mükafatlandırması böyük stimul oldu".

"Olimpnews"un məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev yeniyetmələrdən ibarət yığmanın Rumıniyanın Buxarest şəhərindəki U-17 Avropa çempionatındakı göstərdikləri rekord nəticəni şərh edərkən deyib.

51 yaşlı mütəxəssis ölkə başçısının qayğısını hər zaman hiss etdiklərini bildirib: "Əlbəttə, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliy də öz növbəsində dəstəyini əsirgəmir. Sözsüz ki, federasiya rəhbərliyinin və əməkdaşlarının hər birinin əməyi var. İnanıram ki, bir neçə gündən sonra İtaliyada başlayacaq U-20 Avropa çempionatında da bu qələbələrin ardı gələcək”.

O, 2022-ci ilin Azərbaycan güləşi üçün düşərli olduğunu bildirib: "U-23 Avropa çempionatında hər 3 növdə çempionlarımız oldu. Sərbəst güləşdə komanda hesabında çempion, yunan-Roma güləşində isə 3-cü olduq. Hər 3 komandamız üçün Olimpiya Güləş Mərkəzində yolasalma mərasimi keçirmişdik. U-17 Avropa çempionatında yunan-Roma güləşində 2 qızıl, 5 gümüş və 1 bürünc, qadın güləşində 1 dəst medal, sərbəst güləşdə isə 6 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq. Bu uğurlar güləşdəki inkişafdan xəbər verir".

Qeyd edək ki, Avropa çempionatında Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) qızıl, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə bürünc medal qazanıb.