Konya-2021: Nümayəndə heyətimiz Türkiyəyə yola düşüb

Konya-2021: Nümayəndə heyətimiz Türkiyəyə yola düşüb

Avqustun 9-dan 18-dək keçiriləcək Beşinci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək nümayəndə heyəti Türkiyəyə yola düşüb. Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi heyətdə idmançı və məşqçilər heyəti ilə yanaşı, media nümayəndələri də yer alıblar. Yarışın açılış mərasimi avqustun 9-da Konyadakı 42 min tamaşaçı tutumuna malik Böyükşəhər Bələdiyyəsi Stadionunda təşkil olunacaq. Möhtəşəm açılış mərasimi 3 saat davam edəcək.

Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparacaq. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.