Güləşçilərimiz Konya-2021-ə 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başladılar

Güləşçilərimiz Konya-2021-ə 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başladılar

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir. Oyunların altıncı günündə güləşçilər mübarizəyə başlayıblar. Güləş yarışlarının ilk günündə 7 güləşçimiz - Mariya Stadnik (50 kq), Alyona Kolesnik (59 kq), Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Əbubəkr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) xalça üzərinə çıxıblar. Güləşçilərimiz Oyunlarda uğurla çıxış edərək komandamızın aktivinə növbəti medalları yazdırıblar. Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışın ilk günündə təmsilçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 
Sərbəst güləşçilərimizdən Əliabbas Rzazadə (57 kq) ilk görüşdə qırğızıstanlı Almaz Smanbekova (4:13) məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxıb və seneqallı Omar Fayeyə qalib gələrək bürünc medal görüşünə vəsiqə qazanıb. Ə.Rzazadə 3-cü yer uğrunda tacikistanlı Hikmətulla Vahidovla qarşılaşıb. Gərgin keçən qarşılaşmada 8:7 hesablı qələbə qazanan Əliabbas bürünc medala sahib olub.
Komandamızın digər üzvü Hacı Əliyev (65 kq) də ümidləri doğruldub. O, 1/4 finalda iranlı Morteza Çekayla gərgin görüş keçirib. Hakimlərin mübahisəli qərarları fonunda hesabda 1:4 geriyə düşən titullu güləşçimiz son saniyələrdə geridönüş etməyi bacarıb. Rəqibi üzərində 8:4 hesablı əzmkar qələbə qazanan H.Əliyev yarımfinalda özbəkistanlı Ümid Cəlalovdan güclü olub – 4:0. Hacı finalda albaniyalı Zəlimxan Abakarovla qarşılaşıb. Rəqibinə qalib gələn pəhləvanımız qızıl medala sahib çıxıb.

Turan Bayramov (74 kq) isə 1/4 finalda özbəkistanlı İxtiyar Novruzov üzərində inamlı qələbə qazanıb - 8:0. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda əlcəzairli Abdelkader İkkala heç bir şans verməyib - 11:0. T.Bayramov finalda iranlı Firuzpubandpey Məhəmmədsadiq Bığlarla qarşılaşıb. Rəqibinə minimal fərqlə (2:1) qalib gələn Turan ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Abubakr Abakarov (86 kq) ilk görüşdə özbəkistanlı Azizbek Fayzullayevi vaxtından əvvəl məğlub edib - 11:0. Yarımfinalda türkiyəli Osman Göçenlə görüş gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə (7:6) qalib gələn A.Abakarov həlledici görüşdə iranlı Kərimimaçiani Əlirza Məhəmmədlə üz-üzə gəlib və zədələndiyi üçün gümüş medalla kifayətlənib.

İslam İlyasov (97 kq) ilk görüşdə qazaxıstanlı Mamed İbrahimova 1:3 hesabıyla məğlub olub.

Qadın güləşçilərimiz də İslamiadanı medalla başa vurublar. 
Mariya Stadnik (50 kq) A qrupunda qazaxıstanlı Svetlana Ankiçevaya (10:0) və türkiyəli Emine Çataloğluya (10:0), yarımfinalda isə tunisli Sara Hamdiyə (10:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Stadnikin həlledici görüşdə rəqibi özbəkistanlı Jasmina İmmayeva olub. Bu rəqibinə də 10:0 hesabı ilə qalib gələn dünya qadın güləşinin canlı əfsanəsi 2-ci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

59 kq-da mübarizə dairəvi sistem üzrə baş tutub. Alyona Kolesnik ilk turda qazaxıstanlı Güldana Bekeşə, ikinci turda idə özbəkistanlı Dilfuza Aimbetovaya qalib gəlib. A.Kolesnik 3 cü turda nigeriyalı Adekuoroye Odunayoya 1:3 hesabı ilə məğlub olub. Sonuncu - 4-cü turda türkiyəli Elmas Çelik üzərində də qələbə qazanan Alyona gümüş medala sahib çıxıb.

Beləliklə, güləşçilərimiz Konya-2021-ə 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başlayıblar. 

Güləşçilərimiz Konya-2021-ə 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başladılar