Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də idmançıları tək qoymadı və bizimlə görüşdü. Ona görə də qələbəmi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr edirəm.
Bu sözləri V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) jurnalistlərə müsahibəsində deyib.
“2017-ci ildə Bakıdakı Oyunlarda da qalib gəlmişdim. Sevindirici haldır ki, burada da qızıl medal qazandım. Dörddəbir final qarşılaşmasında hakim ədalətsizliyi ilə üzləşdim. Haqsızlıqlara baxmayaraq, xalçada öz gücümü göstərdim”, - deyə güləşçi əlavə edib.
Əsas hədəfinin 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğur qazanmaq olduğunu deyən H.Əliyev bildirib ki, qarşıda dünya çempionatı var: “Orada iştirak edib-etməyəcəyimi bilmirəm. Bütün gücümü Olimpiadaya saxlamaq istəyirəm. Gələn il lisenziya turnirləri var”.