Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçirilir. Yarışda 36 ölkədən 393 nəfər (201 oğlan, 192 qız) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də yer alıb. Birincilikdə məşqçi Oktay Muxtarovun rəhbərliyi altında 5 idmançımız qüvvəsini sınayır.
Komandamızdan ilk olaraq körpücük üzərinə Turan Əliyev çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində mübarizə aparıb.
İdmançımız birdən qaldırma hərəkətində 99 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
Atletimiz təkanla qaldırmada 120 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə birinciliyin bürünc medalını əldə edib. Turan Əliyev ümumilikdə 219 kq (99 kq+120 kq) nəticə ilə yarışın yekun sıralamasında da bürünc medal qazanıb.
Komandamızın digər üzvü Qasım İsmayılovun çıxışı da uğurlu alınıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində mübarizə aparıb. İdmançımız birdən qaldırma hərəkətində 101 kq nəticə ilə 6-cı yeri tutub. O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib və 132 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalını qazanıb. Ümumilikdə 233 kq (101 kq+132 kq) nəticə göstərən Qasım İsmayılov yekun sıralamada 4-cü pillədə qərarlaşıb.
Komandamızdan növbəti olaraq körpücük üzərinə Ravin Alməmmədov çıxıb. İdmançımız yaşı 17-yə qədər olan atletlər arasında 67 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 126 kq nəticə ilə bu hərəkətdə gümüş medala sahib çıxıb. O, təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. İdmançımız bu hərəkətdə 158 kq-ı ram edərək gümüş medal ədə edib. Ümumilikdə 284 kq (126 kq+158 kq) nəticə göstərən Ravin Alməmmədov bütün rəqiblərini üstələyərək yekun sıralamada qızıl medal qazanıb. Bu nəticə - 284 kq - həm də bu çəki dərəcəsində yeniyetmələr arasında yeni Avropa rekordudur.
Ağırlıqqaldıranlarımız Avropa birinciliyində uğurla yarışırlar