Güləşçimiz Sofiada dünya çempionu oldu

Güləşçimiz Sofiada dünya çempionu oldu

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-20 dünya çempionatı start götürüb. İlk yarış günündə 4 sərbəst güləşçimiz mübarizəyə başlayıb.
Nurəddin Novruzov (57 kq) ilk mərhələdə türkiyəli Tolqa Özbəkə uduzub – 1:6. 
Komandamızın digər üzvü Zirəddin Bayramov (65 kq) isə əlcəzairli Abderrahman Benaissaya (tuşe) misirli Məhəmməd Salah Hafizə (15:4) və ukraynalı Mikita Zubala (10:0) vaxtından əvvəl qalib gələrək dünya çempionatının yarımfinalına yüksəlib. Z.Bayramov yarımfinalda hindistanlı Sucet Sucetə (6:2) gücünü göstərərək finala vəsiqə qazanıb. Zirəddin özbəkistanlı Umidcan Cəlalovla final görüşündə uğursuzluqla üzləşib. Belə ki, ikinci hissədə çiynindən zədə alan güləşçimiz dünya çempionatını gümüş medalla başa vurub.

Digər pəhləvanımız Kənan Heybətov təsnifat mərhələsində gürcüstanlı Gigi Kurxulidən güclü olub - 8:2. Həmyerlimiz daha sonra italiyalı Raul Kaso (5:1) və avstriyalı Benedikt Huberə (10:0) şans verməyərək yarımfinala adlayıb. K.Heybətov hindistanlı Mulaym Yadavla görüşdən də 5:3 hesablı qələbəylə ayrılaraq adını finala yazdırıb. Kənan həlledici görüşdə amerikalı Miçel Mesenbrinkə 13:7 hesabıyla qalib gələrək dünya çempionu olub.

Soslan Tigiyev hindistanlı Dipak Dipakla (10:2) rumıniyalı Marian Subtiriçanı (13:3) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ermənistanlı Muşeq Mkrtçyana məğlub olub. Təsəlliverici görüşdə isveçrəli Kimi Kaeppeliyə (10:0) heç bir şans tanımayan Soslan bürünc medal uğrunda qarşılaşmada qırğızıstanlı Məhəmməd Abdullayevlə bacarmayıb - 10:18.