Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub. 9 gün davam edən yarışı Azərbaycan milli komandası 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Yığmanın heyətində Sübhan Babayev (44 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emanuel Kioaba (Rumıniya), Tsotne Muntçava (Gürcüstan) və Georgi Ralfa (İngiltərə) qalib gələn boksçumuz finalda italiyalı Antoni El Moettini də məğlub edib. O, həlledici döyüşdə 4:1 hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.
Əli Məmişov (70 kiloqram) gümüş medala sahib olub. Orestas Staponkus (Litva), Niko Qoretaya (Xorvatiya) və Nikalaos Bliatzeyə (Yunanıstan) qalib gələn idmançımız finalda Giorgi Biqvava (Gürcüstan) ilə qüvvəsini sınayıb. Rəqib qələbə qazandığından Ə.Məmişov ikinci yeri tutub.
Komandamızın aktivinə bürünc medalları isə Bağır Əlimxanlı (46 kiloqram), Kənan Aslanlı (60 kiloqram) və Banuçiçək Nəsirli (44 kiloqram) yazdırıblar.
28 ölkədən 378 idmançının iştirak etdiyi yarışda 4 medal qazanan oğlanlardan ibarət millimiz Avropada Gürcüstanla birgə dördüncü yeri tutub. Yarışda ümumilikdə 10 ölkənin boksçusu çempionluq tituluna sahib çıxıb. Birinci pilləni İngiltərə (4-2-4) komandası tutub. İkinci yerdə Ukrayna (3-4-0) boksçuları qərarlaşıb. Üçüncü yerə isə İrlandiya (2-1-4) yığması sahib çıxıb.
Bir bürünc medal qazanan qızlardan ibarət yığmamız Moldova ilə birgə 11-ci pillədə yer alıb. Avropa birincisi isə 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan Türkiyə olub.
Boksçularımız Avropa birinciliyində 5 medal qazanıblar