Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə U-20 dünya çempionatına yekun vurulub. Azərbaycan komandası çempionatda güləşin hər üç növündə təmsil olunub. Pəhləvanlarımız Sofiyada uğurla iştirak edərək tarixi nəticələrə imza atıblar.
Mübarizəyə əvvəlcə sərbəst güləşçilərimiz başlayıblar. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Nazim Əlicanovla Əşrəf Əliyevin rəhbərliyi altında 7 güləşçiylə çempionatda iştirak edən millimizin 3 üzvü fəxri kürsüyə qalxıb.
Kənan Heybətov (70 kq) və Cəbrayıl Qadjiyev (74 kq) dünya çempionu adına layiq görülüblər. Zirəddin Bayramov (65 kq) isə gümüş medal qazanıb. Komanda hesabında 100 xal toplayan yığmamız İran (159), ABŞ (132) və Hindistandan (112) geri qalaraq dördüncü olub. Medalların əyarına görə isə komandamız İran və ABŞ-dan sonra 3-cü nəticə göstərib. Sərbəst güləşçilərimiz bu yarışda həmçinin 4 illik qızıl medal həsrətinə də son qoyublar. Bu yarışda həm də son 7 ildə ilk dəfə U-20 yaş qrupunda güləşin bu növündə iki dünya çempionumuz olub.
Qadın güləşçilərinin yarışında isə komandamız bir büfrünc medal əldə edib. Komandamıza yeganə medalı Gültəkin Şirinova (50 kq) qazandırıb.
Çempionatın son 3 günündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib. Belə ki, klassiklərimiz Sofiyada keçirilən U-20 dünya çempionatında tarixi uğura imza atıblar. Məsul yarışda 10 çəkinin 8-də təmsil olunan yığmamız komanda hesabında dünya 2-cisi olub. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında dünya çempionatında iştirak edən idmançılarımızdan 5-i fəxri kürsüyə qalxıb. Nihad Quluzadə (55 kq), Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov dünya çempionu olub. Nihat Məmmədli (60 kq) və Laçın Vəliyev (82 kq) isə bürünc medal qazanıb. Beləliklə, 3 qızıl və 2 bürünc medal əldə edən millimiz 119 xalla dünya ikincisi olub. İran (174) birinci, Ukrayna (93) isə üçüncü yeri tutub.
Qeyd edək ki, 119 xal bu yaş qrupu üzrə dünya çempionatlarında yunan-Roma güləşi yığmamız üçün yeni rekorddur. Həmçinin millimiz həm medalların əyarına, həm də sayına görə son 8 ilin ən yaxşı nəticəsinə imza atıb.
Pəhləvanlarımız dünya çempionatında tarixi nəticəyə nail olublar