Peşəkar boksçumuz rinqə “Azərbaycan”ın sədaları altında çıxdı

Peşəkar boksçumuz rinqə “Azərbaycan”ın sədaları altında çıxdı

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov növbəti döyüşünü keçirib. Ukraynanın Xarkov şəhərində keçirilən döyüşdə boksçumuz belaruslu Aleksandr Abramenko ilə qarşılaşıb. Görüş Ümumdünya Boks Təşkilatının (WBO) versiyası üzrə reytinq xarakteri daşıyıb və əvvəlcədən nəzərdə tutulduğu kimi 6 deyil, 8 raunddan ibarət olub. Boksçumuz belaruslu Aleksandr Abramenko üzərində qazandığı qələbə nəticəsində 5 min avroya sahib olub. 33 yaşlı həmyerlimiz son döyüşdən sonra jurnalistlər üçün mətbuat konfransı keçirib.

Fariz Məmmədov hələ 2001-ci ildə promouterlərlə bağlıdığı ilk müqaviləsində qonorardan daha çox titul qazanmağın özü üçün daha vacib olduğunu KİV nümayəndələrinin diqqətinə çatdırıb. Lakin sonradan 8 ilədək rinqdən kənarda qalması səbəbindən uğurlarını davam etdirə bilmədiyini deyən həmyerlimiz 2012-ci ili aprel ayında rinqə qayıtdığını deyib.
Qeyd edək ki, Məmmədov bu vaxta qədər 3 döyüş keçirib. İlk döyüşündə erməni əsilli Yeqise Tovmasyana qalib gələn boksçumuz bu ilin martında Polşa idmançısını məğlub etsə də, əlindən zədələnib. Fariz əlinin müalicəsinə 6 ayadək vaxt sərf edib. Peşəkar Azərbaycan boksçusu Ukraynanın Xarkov şəhərində təşkil olunan döyüşə Rəşid Behbudovun ifa etdiyi "Azərbaycan” mahnısının sədaları altında çıxıb. Bununla bağlı Fariz deyib: "Döyüşdən əvvəl psixoloji durumum o qədər də yaxşı deyildi. Lakin fiziki cəhətdən özümü hazırlıqlı sayırdım. İstedadlı və tanınmış müğənni Rəşid Behbudovun ifasi ilə səslənən "Azərbaycan” mahnısının sədaları mənə rəqiblə döyüşmək üçün əlavə güc verdi.
Döyüşə yaxşı hazırlaşmışdım. Qarşılaşmadan əvvəl Ukraynada dünya və Avropa çempionları ilə birgə təlim-məşq toplanışı keçmişdim. İlk raunddan hiss etdim ki, rəqibi nokauta sala bilərəm. Düzdür, Abramenko rinqə çıxarkən, əlini belinə qoyub mənə qarşı saymazyana hərəkətlər edirdi. Görünür, mənim 8 il müddətində rinqdən kənarda qalmağım onda bir arxayınlıq yaratmışdı. Amma mən öz işimi gördüm və Abramenkonu 8 raundluq döyüşün 3-cü raundunda nokauta saldım”.
İndi qarşıda həmyerlimizi 2 döyüş gözləyir. Bu döyüşlərdən birinin oktyabr ayının sonu, noyabrın əvvəllərində təşkili planlaşdırılır. Böyük Britaniyada keçiriləcək qarşılaşmada rəqib ya ukraynalı, ya da fransız idmançısı olacaq. Ən vacib döyüş isə dekabrın sonlarında keçiriləcək. WBO versiyası üzrə Avropa çempionu uğrunda döyüşdə həmyerlimizin rəqibi indiki kəmər sahibi, almaniyalı Matias Pet olacaq.

Fariz Məmmədov deyib: "İndi 33 yaşım olsa da, özümü 24 yaşdakı kimi hiss edirəm. Hazırlıqlarım peşəkar səviyyədə gedir. Hədəfim mümkün qədər çox titul qazanmaq, Avropa çempionu kəmərinə sahib olmaqdır”
Mətbuat konfransında gələcək planları barədə danışan idmançımız oktyabr ayında iki döyüş təklifi aldığını bildirib. Avropa çempionu adını qazanmağı özü üçün başlıca hədəf seçdiyini bəyan edən Azərbaycanın ilk peşəkar boksçusu 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında və 2016-cı ildə Braziliyada təşkil ediləcək yay Olimpiya oyunlarında iştirak etmək niyyətində olduğunu bildirib.
Fariz Məmmədovun daha bir hədəfi isə peşəkar boksda məşhur WBO, WBC, WBA və İBF versiyalarının birində Avropa kəmərini almaqdır. Vaxtilə bu versiyalardan 3-də İntercontinental kəməri qazandığını xatırladan F.Məmmədov deyib ki, boksdan 8 il müddətində ayrı qalmağının əvəzini çıxacaq.