Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçirilir. Sentyabrın 18-dək davam edəcək yarışda Azərbaycan güləşçiləri də qüvvələrini sınayırlar. Mübarizəyə ilk olaraq yunan-Roma güləşçilərimiz qoşulublar. İlk yarış günündə yunan-Roma güləşi üzrə millimizin 3 üzvü mübarizə aparıb. Eldəniz Əzizli (55 kq) 1/8 finalda italiyalı Covanni Freniyə ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Dünya və Avropa çempionu 1/4 finalda yaponiyalı Şiotani Yuya aman verməyib - 10:0. Eldəniz yarımfinalda amerikalı Maks Nouridən üstün olub. Rəqibini 9:0 hesabıyla xalçadan məyus yola salan E.Əzizli 4 illik fasilədən sonra finala yüksəlib. Titullu güləşçimiz həlledici görüşdə son Avropa çempionatının finalında məğlub etdiyi gürcüstanlı Nuqzari Tsurtsumiayla qarşılaşıb. Buna qədər rəqibini 8 dəfə məğlub etmiş Eldəniz ənənəni davam etdirib və ilk hissədə tam üstünlüklə (8:0) qalib gələrək ikinci dəfə dünya çempionu adını qazanıb.
İkinci mərhələdən mübarizəyə qoşulan Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabıyla üstələyib. Ü.Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib - 10:0. Ülvü yarımfinalda türkiyəli Selçuk Canla olduqca gərgin görüş keçirib. Yekunda rəqibinə 4:3 hesabı ilə qalib gələn güləşçimiz adını finala yazdırıb. Ü.Qənizadə həlledici görüşdə serbiyalı Ali Arsalanla üz-üzə gəlib. Ülvi rəqibinə 4:7 hesabıyla uduzaraq dünya çempionatının gümüş medalına sahib çıxıb.
Komandamızın digər üzvü Sənan Süleymanov (77 kq) ilk mərhələdə almaniyalı İdris İbayevlə qarşılaşıb. Keçən il 23 yaşadək güləşçilər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Süleymanov rəqibinə minimal fərqlə (7:8) məğlub olub.
Güləşçimiz Serbiyada dünya çempionu adına layiq görüldü