Sentyabrın 8-dən 11-dək Polşanın Krakov şəhərində usta cüdoçular arasında dünya çempionatı keçirilib. Çempionatda 60 ölkədən 837 (743 kişi, 94 qadın) veteran cüdoçu qüvvəsini sınayıb. Azərbaycan yığması yarışlarda 7 yaş kateqoriyası üzrə 31 idmançı ilə təmsil olunub. Çempionata Azərbaycan Cüdo Federasiyasının və Azərbaycan Cüdo Veteranları Assosiasiyasının dəstəyi ilə “Judo Club 2012”nin məşq bazasında hazırlaşmış usta cüdoçularımız Krakovdan Vətənə 15 medalla (5 qızıl, 5 gümüş, 5 bürünc) qayıdırlar.
Yığma komandanın baş məşqçisi Fərhad Rəcəbli üçün bu ilki çempionat xüsusilə yaddaqalan olub. O, M7 yaş kateqoriyasında 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib, beləliklə də, usta cüdoçular arasında keçirilən dünya çempionatlarında 10-cu qızıl medalını qazanıb. Bundan əvvəl, bu ilin iyun ayında Yunanıstanın Heraklion şəhərində keçirilən veteranlar arasında Avropa çempionatında isə usta cüdoçumuz 8-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı...
Krakovda komandamıza digər qızıl medalları M1 yaş kateqoriyasında Tural Səfquliyev (-100 kq), İntiqam Ələkbərov (-100 kq), M3 yaş kateqoriyasında Azər Fətullayev (-81 kq) və Babək Hacıyev (-60 kq) qazandırıblar.
Nadir Babayev (M1, -73 kq), Murad Rəcəbli (M1, -90 kq), Qurban Məmmədli (M1, +100 kq), Məmməd Məmmədov (M2, -73 kq) və Zülfüqar Hüseynov (M3, -81 kq) gümüş, Samir İsmayılov (M2, -81 kq), Mətləb Məmmədov (M2, -90 kq), Rəşad Quliyev (M3, -73 kq), Emil Hüseynov (M4, -100 kq) və Mübariz Cəfərov (M5, -90 kq) isə bürünc medalın sahibi olublar.
Ümumilikdə 5 dəst medal qazanan veteranlarımız çempionatı ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yerdə başa vurublar.
Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alıb. O, 2 final görüşünə, 4 bürünc medal uğurunda mübarizəyə hakimlik edib.
Xatırladaq ki, Azərbaycanın veteran cüdoçuları bu ilin iyunda Yunanıstanda keçirilən Avropa çempionatında da uğurla çıxış edərək 9 qızıl, 5 gümüş və 5 bürünc medal qazanmışdılar.
Ümumiyyətlə, Azərbaycanın veteran cüdoçuları 2002-ci ildən dünya, 2004-cü ildən isə Avropa çempionatlarında iştirak edirlər.