Avropa birinciliyində uğurla çıxış edən boksçularımız Vətənə qayıdıblar

Avropa birinciliyində uğurla çıxış edən boksçularımız Vətənə qayıdıblar

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində ölkəmizi uğurla təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb. Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Vüsal Nəsirli jurnalistlərə açıqlamasında yarışın yığma üçün uğurlu alındığını vurğulayıb. O bildirib ki, idmana göstərilən dövlət qayğısı boksçularımızın inamlı çıxışında böyük rol oynayıb: “Komandamız Avropa birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Millinin son 3 ildə ilk qızıl, 6 ildən sonra 5 medal əldə etdiyini nəzərə alsaq, bu, çox uğurlu nəticədir. Medal qazanmayan idmançılarımıza isə tövsiyə edirəm ki, üzərilərində çalışsınlar, məşqlərini intensivləşdirsinlər və növbəti yarışlarda Vətənə medallarla qayıtsınlar”.
ABF-ın vitse-prezidenti vurğulayıb ki, əsas hədəf bütün yarışlarda uğurlu iştirak etmək və növbəti Yay Olimpiya Oyunlarıdır: “Federasiyamızda köklü islahatlar, ciddi işlər aparılıb. Qarşımızdakı hədəf 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir. Bu səbəbdən də növbəti il çox vacibdir. Təsnifat turnirləri keçiriləcək və məqsədimiz həmin yarışlarda maksimal sayda lisenziya əldə edib, Olimpiadan medallarla qayıtmaqdır”.
Oğlan boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vaqif Kazımov qeyd edib ki, yetirmələrinin nəticələri bundan daha yaxşı ola bilərdi: “Bəzi səbəblər oldu, 2 qızıl medal qazana bilərdik. Avropa çempionu olan Məhəmmədəli Qasımzadə burnu sınıq halda mübarizə aparırdı. Bir qədər ehtiyat edirdik. Buna baxmayaraq, hər şey yaxşı oldu. Bir az istirahət edib, növbəti yarışlara hazırlaşacağıq”.
Azərbaycan boks tarixində yeniyetmə qız boksçular arasında ilk dəfə bir dəst medal qazanan yığmanın baş məşqçisi Yadigar Məmmədov da komandasından razı qalıb. Qızlardan ibarət millinin baş məşqçisi qeyd edib ki, bu qələbələr yetirmələrində özünəinam yaradacaq və yeni idmançıların boksa gəlişinə böyük stimul verəcək: “Avropa birinciliyinə 5 qız idmançı ilə yollanmışdıq. Onlardan 3-ü bu gün Vətənə medalla qayıtdı. Komandada olan azsaylı boksçularımız arasından seçilən bu qızlar tarix yazdılar. Nərmin Əlizadənin erməni rəqibi üzərində qələbəsi də bizi çox sevindirdi. Çünki o, bizim boksçu ilə müqayisədə daha təcrübəli idi və Avropa birinciliyində mübarizə aparmışdı. Əsas məqsəd növbəti yarışlarda da uğurlar qazanmaqdır”.
Əlli yeddi kiloqram çəki dərəcəsində Avropa çempionu olan Məhəmmədli Qasımzadə bununla kifayətlənmək niyyətində deyil. O bildirib ki, məqsədi iştirak edəcəyi hər yarışda titul qazanmaqdır: “Döyüşlər mənim üçün yaxşı alındı. Bu medalla kifayətlənmək fikrində deyiləm. Qarşıdakı yarışlarda da uğurumu davam etdirmək istəyirəm”.
Yeniyetmə qız boksçular arasında ilk Avropa çempionu Emili Rzayeva (70 kq) Montesilvanoda Azərbaycan himnini səsləndirməsindən sevincli olduğunu qeyd edib: “Üç döyüş keçirdim. Finalda polşalıya qalib gələrək Azərbaycan himnini səsləndirdiyim, qızıl medal qazandığım üçün çox sevincliyəm. Bu səviyyəyə gəlməyimdə atamın da xüsusi rolu olub. Ona görə də qələbəmi atama həsr edirəm”.
Qeyd edək ki, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının mübarizə apardığı Avropa birinciliyini Azərbaycan milli komandası 5 medalla başa vurub.