Rusiya və Belarus boksçularına qoyulan qadağa ləğv edildi 

Rusiya və Belarus boksçularına qoyulan qadağa ləğv edildi 

Beynəlxalq Boks Assosiasiyası (IBA) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı qərarı ləğv edib.IBA-nın Direktorlar Şurası əvvəlki qərarın ləğvi, həmçinin Rusiya və Belarusdan olan boksçuların dərhal yarışlarda iştirak etməsinə icazə verilməsi üçün səs verib.
“IBA qəti şəkildə hesab edir ki, siyasət idmana heç bir təsir göstərməməlidir. Ona görə də bütün idmançılara bərabər şərait yaradılmalıdır. Qurum beynəlxalq idman federasiyası kimi öz muxtariyyətinə hörmət etməklə yanaşı, siyasi cəhətdən neytral və müstəqil qalmalıdır”, - deyə qurumdan verilən açıqlamada qeyd olunub.
Həmçinin vurğulanıb ki, IBA bütün ölkələri sülhə çağırır və istənilən münaqişədə sülhməramlı olaraq qalır: “Bundan əlavə, IBA-dan milli mənsubiyyətindən və yaşayış yerindən asılı olmayaraq, idmançılara və yarış rəsmilərinə bərabər münasibətin olmasını təmin etmək tələb olunur. Qərara əsasən, Rusiya və Belarusdan olan hakimlər və texniki rəsmilər də yarışlara qayıdacaqlar”.
Xatırladaq ki, fevralın 24-də başlayan Rusiya - Ukrayna münaqişəsi ilə əlaqədar olaraq Rusiya Federasiyası və Belarus boksçularının IBA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakına qadağa qoyulmuşdu.