Şəhidlik zirvəsinə ucalanlar ölmürlər...

Şəhidlik zirvəsinə ucalanlar ölmürlər...

Qəhrəmanlıq məqamında doğulur, şimşək kimi çıxır, çox vaxt sonda Səməndər quşu kimi öz alovuna bürünüb yox olur. Özlərindən sonra isə bitib tükənməyən qəhrəmanlıq səlnamələri qoyub gedirlər. Gələn nəsillərə örnək olurlar. Yüz illər sonra onlar elə həmin yaşlarında qalırlar- qəhrəmanlıq yaşlarında...
Arif Bəxtiyar oğlu Allahverdiyev də belə qəhrəmanlardan biridir. 22 yaşında şəhid oldu Arif. 22 yaşında öz parlaq arzularını, gənclik eşqi ilə döyünən ürəyini Vətən yolunda, onun torpaqlarının azadlığı uğrunda şəhid etdi. Çünki Vətəni göz bəbəyi kimi sevirdi. Çünki atası Bəxtiyar kişidən, anası Güllübəyim xaladan belə tərbiyə almışdı.
Vətənin dar günündə, Qarabağ Müharibəsi getdiyi zaman Arif Allahverdiyev Uzaq Şərqdə hərbi xidmətdə idi. Onun ürəyi Vətən üçün çırpınırdı. Doğma yurda, elə-obaya qayıtmaq həvəsi onu bir an belə rahat buraxmırdı. Və istəyinə nail oldu da. 1991-ci ilin mart ayında vətənə qayıdan Arifin ürəyi torpaqlarımızın azadlığı uğrunda vuruşmaq arzusu alışıb yanır. Xocalı soyqırımı, erməni cəlladlarının yerli əhaliyə qarşı törətdikləri qanlı cinayətlər bu igid, cüssəli, idmançı oğlanı ata-anasından xəbərsiz müharibə zonasına getməyə məcbur edir.
Arifgilin taboru mayor Rasim İbrahimovun rəhbərliyi altında «Qırmızı bazar» əməliyyatında iştirak edirdilər. Düşmən qüvvəsi bizimkindən qat-qat üstün idi. Əlavə kömək gəlmədiyinə görə ermənilər bizim dəstəni mühasirəyə alırlar. Komandir və əsgərləri - Arif Allahverdiyev, Firudin Mehdiyev, Saleh Hüseynov, Mahir Əliyev, Yusif Ağayev, Vaqif Zeynalov onlardan sayca çox olan düşmənlə mərdliklə, qəhrəmanlıqla vuruşurlar. Arif yaralı komandirini sürüyüb meydandan çıxarmaq istəyəndə hər ikisini güllə ilə vururlar. Komandir və əsgər biri-birinə sarılmış halda Vətən uğrunda, onun müstəqilliyi uğrunda gözlərini əbədi olaraq yumurlar….

Buyaxınlarda Azərbaycan xalqının igid oğlu Arif Bəxtiyar oğlu Allahverdiyev haqqında «Şəhidlik zirvəsi» adlı kitab nəşr olunub. 148 səhifədən ibarət bu kitabda mərd, cəsur, Vətənini, xalqını sevən, Xocalı faciəsini, bütövlükdə Qarabağ dərdini öz dərdi hesab edən və bu ədalətsizliyə dözə bilməyərək günahsız insanlarını qanını almaq üçün könüllü olaraq döyüş bölgəsinə yollanan və döyüşçü yoldaşları ilə 28 düşmən əsgərini məhv edən, komandirini xilas etmək üçün sinəsini sipər edən 22 yaşında bir qəhrəmandan bəhs olunur.
«Şəhidlik zirvəsi» kitabının redaktoru Hacı Mehman Fərzullayevdir. Azərbaycanın şəhid balası - Arif Abdullayev haqqında yazılan bu kitabın işıq üzü görməsində iş adamı, Əyyub Qasımovun xüsusi xidməti vardır. Kitaba ön söz əvəzi «Olimpiya dünyası» qəzetinin baş redaktoru, Əməkdar jurnalist Hacı Murad Qoçuoğlunun bu qəhrəman, onun ailəsi haqqında fikir və düşüncələri yer alıb. Hacı M.Qoçuoğlunun söylədiyi fikirlər Azərbaycan xalqını, şəhid ailələrini mübarizəyə səsləyir: «Əlbəttə, övlad itkisi hər bir ata-ana üçün olduqca ağırdır. Lakin şəhidlik zirvəsinə ucalanlar ölmürlər. Onların müqəddəs ruhları başımız üzərində daim pərvaz vuraraq bizi torpaqlarımızın azadlığı uğrunda mübarizəyə səsləyir. Arif Bəxtiyar oğlu Allahverdiyev xalqımızın məhz belə igid oğullarından biri kimi həmişə yaddaşlarda yaşayacaq və onun müqəddəs ruhu torpaqlarımız düşmən işğalından azad edildikdən sonra rahat olacaqdır».
Kitabda Arif Abdullayev haqqında Milli QHT Forumunun prezidenti, Milli Məclisin deputatı Azay Quliyevin, Hacı Mehman Fərzullayevin, Sumqayıt şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Seyfəddin Rəhimovun, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Hacı Qüdrət Piriyevin, jurnalist Akif Təvəkküloğlunun və ailə üzvlərinin fikirləri yer alıb.

Qeyd edək ki, Arif həm də yaxşı idmançı idi. O peşəkar boksla məşğul olurdu və respublika turnirlərində mükafatalayiq yerlər tutmuşdu. İndi hər il onun şərəfinə Sumqayıtda ənənəvi boks turniri keçirilir. Bu turnirlərin təşkili və keçirilməsində Sumqayıt şəhər Gənclər və İdman baş İdarəsi yaxından köməklik edir.
Müqəddəs kitabımız «Qurani-Kərim» haqq yolunda mübarizə aparanları əziz tutur. Uca tanrı bu yolda şəhid olanları sevimli bəndəsi kimi qəbul edir. Ədalətin qorunması, haqqın bərpası uğrunda mübarizə aparmaq haqqımızdır. Çünki haqqı sevənləri Allah da sevir.