Beynəlxalq Cüdo Federasiyası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatından sonra yeni reytinq siyahısını açıqlayıb.
Mundialın mükafatçılarından Hidayət Heydərov bürünc medal sayəsində aktivinə 1000 xal yazsa da, əvvəlki reytinqlə müqayisədə bir pillə geriləyib. 25 yaşlı ikiqat Avropa çempionu 5320 xalla 3-cü sırada yer alıb. Sıralamaya hesabını 2000 xal zənginləşdirən monqolustanlı dünya çempionu Tsend-Oçir Tsoqbaatar başçılıq edir. Əvvəlki lider Laşa Şavdatuaşvili (Gürcüstan) 2-ci pillədədir.
Digər bürünc medalçımız Zelim Kotsoyev (100 kq) isə üç pilləllik irəliləyişlə 8-ci yerə qalxıb. Onun aktivində 3511 xal var.
Dünya çempionatını beşinci pillədə başa vuran Səid Mollayi (81 kq) aktivinə 720 xal yazdıraraq bir pillə irəliləyib. 30 yaşlı idmançı 3919 xalla beşincidir.
Azərbaycan təmsilçilərindən ən yaxşı göstəriciyə Məmmədəli Mehdiyev sahibdir. 90 kiloqram çəki dərəcəsində yer alan 29 yaşlı üçqat Avropa mükafatçısı (4311 xal) bir pillə geriləyərək ikinci sırada yer alıb.
73 kq-da çıxış edən digər təmsilçimiz Rüstəm Orucov altıncı pillədən 8-ci sıraya düşüb. Kəramət Hüseynov (60 kq) 15-ci, Orxan Səfərov (66 kq) 7-ci, Uşanqi Kokauri (+100 kq) 9-cudur.
Qadınlardan ən yaxşı göstərici əvvəlki kimi Leyla Əliyevadadır (48 kq). 25 yaşlı cüdoçu 1140 xalla 35-ci sıradadır.
Cüdoçumuz medal qazansa da reytinqdə gerilədi