Siyəzəndə kross qaçışı üzrə yeniyetmə oğlanlar arasında rayon çempionatının qalibləri müəyyənləşib. 18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunan çempionatda 2005-2006-cı il təvəllüdlü atletlər 3 kilometr, 2007-2008-ci il təvəllüdlü atletlər isə 2 kilometr məsafədə qüvvələrini sınayıblar.
Gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi, atletika idman növlərinin rayonda inkişaf etdirilməsi, perspektivli idmançıların aşkara çıxarılması, eləcə də kross üzrə ölkə payız çempionatında iştirak edəcək rayon komandasının tərkibinin müəyyən olunması məqsədi daşıyan yarışda 60 atlet iştirak edib.
Yarışların nəticəsinə əsasən, 2005-2006-cı illər təvəllüdlü oğlanlar arasında Laçın Zahidov birinci yeri tutub. Ələsgər Dostuyev ikinci, Ülvi Eyvazov III yerə sahib olub. 2007-2008-ci illər təvəllüdlü oğlanların yarışında isə Malik Ağamalıyev I, Rəvan Feyziyev II, Nuru Hacıyev III yerdə başa vurub.