Vətən müharibəsi şəhidi Sənan Abdullayevin doğum günü ilə əlaqədar Nərimanov rayonunda onun təhsil aldığı 37 nömrəli tam orta məktəbdə anım tədbiri və xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.
Tədbirdə çıxış edən natiqlər öz qanı ilə Azərbaycanın şanlı tarixinə adını yazan, xalqımıza Zəfər sevinci yaşadan Sənan kimi oğulların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar.
Şəhidin atası Şahin Abdullayev çıxış edərək övladı ilə qürur duyduğunu bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirib.
Sonra şahmat turnirinə start verilib. Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən şahmat yarışında 24 şagird iştirak edib.
Turnirin yekun nəticələrinə görə, mükafatalayiq yerlər tutmuş şahmatçılar müvafiq dərəcəli diplom və medallarla təltif olunublar. Şəhidin atası Şahin Abdullayevə isə turnirin xatirə diplomu və Azərbaycanın Dövlət Bayrağı təqdim olunub.