Paytaxtımız Bakı cüdo üzrə “Böyük dəbilqə” turnirinə hazırlaşır. Noyabrın 4-6-da təşkil olunacaq yarışda 66 ölkəni təmsil edən 386 cüdoçu qalib adı uğrunda mübarizə aparacaq. Yarışın startına 3 gün qalmış yığmamızın heyətində dəyişiklik edilib. Turnirdə 90 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində çıxışı planlaşdırılan Vüqar Talıbov və Uşanqi Kokauri zədəli olduqları üçün yığmanın baş həkminin təqdimatı, performans direktor və məşqçilər heyətinin qərarı ilə millinin heyətindən çıxarılıblar.
V.Talıbov və U.Kokaurinin müalicələri davam etdirilir və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.
Onları oktyabrın 15-də “Böyük dəbilqə” turnirinə seçim xarakterli turnirdə 90 kiloqram çəki dərəcəsində ikinci olmuş Nihad Şıxəlizadə və 100 kiloqramdan yuxarı çəki dərəcəsində üçüncü olmuş İbrahimxəlil Ömərov əvəz edəcəklər.
“Böyük dəbilqə”: iki cüdoçumuz zədə səbəbindən heyətdən çıxarıldı