Qurban Qurbanov: “Ümid edirəm ki, sabah ən yaxşı oyunumuzu göstərəcəyik”

Qurban Qurbanov: “Ümid edirəm ki, sabah ən yaxşı oyunumuzu göstərəcəyik”

Sabah Avropa Liqasında qrup mərhələsinin son oyunları keçiriləcək.  G qrupunda mübarizə aparan Azərbaycanın “Qarabağ” klubu sonuncu tur çərçivəsində Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniyanın “Frayburq” komandasını qəbul edəcək. 
Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bundesliqa təmsilçisi ilə oyundan əvvəl mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis mətbuat konfransında bir çox məsələlərə aydınlıq gətirib. 
“Bütün fikrimiz bu oyuna cəmlənib. Bizi Almaniyanın intizamlı, güclü komandası ilə gərgin mübarizə gözləyir. Bunun üçün də bütün gücümüzlə bu oyunda mübarizə aparıb, qələbə qazanmağa çalışacağıq. “Frayburq” qrupda məğlub olmayan yeganə komandadır. Onlar artıq liderliyi təmin ediblər. Bəzi komandalar lazımi nəticəni əldə edəndə daha rahat şəkildə oynayır. Bəzən isə xal lazım olan komandada gərginlik daha çox olur. Biz daha çox öz oyunumuzu fikirləşirik. Artıq rəqibi tanıyırıq. Oyunçuları təhlil etmişik. Çətin oyun olacaq, amma futbolçularıma güvənirəm. Ümid edirəm ki, sabah ən yaxşı oyunumuzu göstərəcəyik”.
Qurban Qurbanov heyətdəki zədəli oyunçular barəsində də danışıb: "Bu oyunda Bədavi Hüseynov oynamayacaq. Leandro Andrade də zədəlidir. Qara Qarayev isə hələlik komanda ilə məşq etmir".
Q.Qurbanov komandanın psixoloji durumu haqda da məsələlərə aydınlıq gətirib: “Nant"la oyunudan sonra Şahruddin Məhəmmədəliyevin adı çox hallandı. Səhvsiz futbolçu yoxdur. Bu hal həm məni narahat edir, həm də komandada təzyiq yaradır. Azarkeşlərimizi də yaxşı anlayıram. Həmişə onlara güvənmişk. Hamımız birlikdə gücümüzü bir edib rəqiblərə qalib gələ bilərik. Anma bu cür hallar komandaya mənfi təsir edir. Bununla belə, hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur”.