Avropa Liqası: "Qarabağ" üçün son şans

Avropa Liqası: "Qarabağ" üçün son şans

Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu turun oyunlarına start veriləcək. G qrupunda mübarizə aparan Azərbaycanın "Qarabağ" klubu Bakıda Almaniyanın “Frayburq” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 21:45-də başlayacaq oyunun baş hakimi Aleksey Kulbakov olacaq. Ona yan xətt hakimləri qismində Dmitri Juk və Aleh Maslianka köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Dmitry Dmitryiev yerinə yetirəcək.
Hər iki komandanın heyətində zədəli futbolçular var. “Qarabağ”ın heyətində Filip Ozobiç zədə səbəbindən oyunda iştirak etməyəcək. Qara Qarayevin isə qarşılaşmada iştirakı sual altındadır. Qonaqların heyətində Manuel Qulde, Merlin Röl və Jonatan Şmid zədəli olduğu üçün oyunu buraxacaq. 

Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda Fransa “Nant”ını qəbul edəcək. Hazırda 7 xalla ikinci sırada qərarlaşan “Köhlən atlar” qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.