“Barselona”nın müdafiəçisi karyerasını başa vurur

“Barselona”nın müdafiəçisi karyerasını başa vurur

"Barselona" klubunun müdafiəçisi Jerar Pike karyerasını başa vurmaq qərarına gəlib. Bu barədə 35 yaşlı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib. La Liqanın növbəti XIII turu çərçivəsində “Almeriya klubuna qarşı oyun həm karyerasında sonuncu görüşü olacaq. 
“Son həftələr və aylarda bir çox insan mənim haqqımda danışırdı. Bu günə kimi bu barədə heç nə deməmişdim. Amma indi özüm haqda bir-iki kəlmə danışmaq istəyirəm. Bir çoxunuz kimi uşaqlıqdan “Barsa” azarkeşiyəm. Futbolu və “Barselona”nı sevən bir ailədə dünyaya göz açdım. Gənc yaşlarında sadəcə futbolçu olmaq deyil, “Barsa” futbolçusu olmaq istəyirdim. 
Bir müddət keçəndən sonra videoda gördüyünüz uşaq haqda çox düşündüm. Balaca Pikenin nə düşündüyünü, özü-özünə bütün arzularının, özü də “Barsa” ilə həyata keçəcəyini, mümkün olan bütün titulları qazanacağını, Avropa və dünya çempionu olacağını, tarixin ən yaxşı futbolçuları ilə  birlikdə oynayacağını, əsas komandanın kapitanlarından biri olacağını və həyatının ən yaxşı dostlarını qazanacağını deyib-deməmisini.
“Barsa”ya qoşulmağımdan 25 il keçib. Tərk etdim, amma geri döndüm. Futbol mənə hər şey qazandırdı. “Barsa” isə mənə sahib olduğum hər şeyi verdi. Siz, azarkeşlər, mənə hər şey verdiniz. İndi o videoda gördüyünüz uşağın bütün arzuları həyata keçib. 
Sizə onu demək istəyirəm ki, mənə ayrılan uzun və əyləncəli yolun sonuna gəldim. Həmişə demişdim ki, “Barselona”dan başqa komandada oynamayacağam. Bu, belə də olacaq. Bu şənbə keçiriləcək oyun mənim üçün “Camp Nou”da son oyun olacaq. 
Mən də artıq sizin kimi azarkeşlər sırasına qoşulacağam. “Barsa”nı sevməyə və bu sevgini ailəmin mənə etdiyi kimi, övladlarıma aşılamağa davam edəcəyəm. Siz məni tanıyırsınız. Gec ya tez qayıdacağam. “Camp Nou”da sizi hələ çox görəcəyəm”, - deyə Pike vida məktubunda qeyd edib.  
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Jerar Pike karyerası ərzində İngiltərənin "Mançester Yunayted" və ölkəsinin "Real Saraqosa" klublarında da çıxış edib. O, karyerasını başa vurmaqla yanaşı, həmçinin “Barselona”nın ona verəcəyi 30 milyon avrodan da imtina edəcək.