"Qarabağ" çıxışını “Konfrans Liqası”nda davam etdirəcək 

"Qarabağ" çıxışını “Konfrans Liqası”nda davam etdirəcək 

Futbol üzrə UEFA Avropa Liqasında sonuncu turun oyunlarına start verilib. G qrupunda mübarizə aparan Azərbaycanın "Qarabağ" klubu da qrupda son oyununa çıxıb. “Köhlən atlar” Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniya "Frayburq" komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Matçın 23-cü dəqiqəsində rəqibin əks hücumu zamanı Bəhlul Mustafazadə cərimə meydançasında Kevin Şadeyə qarşı kobudluq edərək penaltiyə səbəb olub. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Nils Petersen 25-ci dəqiqədə hesabı açıb. Bu azmış kimi oyunun 62-ci dəqiqəsində "Qarabağ" azlıqda qalıb. Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.Lakin buna baxmayaraq Qurban Qurbanovun komandası matçın son dəqiqələrində hesabı bərabərləşdirməyə müvəffəq olub. Ağdam təmsilçisinin heyətində 90+2-ci dəqiqədə Kvabena Ovusu fərqlənib. Beləliklə, qrupda son oyununu 1:1 hesablı heç-heçə ilə başa vuran Azərbaycan çempionu Avropa Liqasında mübarizəni dayandırıb. Qrupda 8 xalla üçüncü yeri tutan “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparacaq. 
Qeyd edək ki, bu qrupun digər oyununda Fransanın “Nant” komandası səfərdə Yunanıstanın "Olimpiakos" komandasına qalib gəlib -0:2. Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran Fransa təmsilçisi “Frayburq”dan sonra qrup ikincisi kimi növbəti mərhələyə yüksəllib. 
a