Qurban Qurbanov: "Bu il bizim üçün böyük təcrübə oldu”

Qurban Qurbanov: "Bu il bizim üçün böyük təcrübə oldu”

Qurban Qurbanov: "Bu il bizim üçün böyük təcrübə oldu”
“Komandamdan çox razıyam. İstirahət üçün vaxtımız yoxdur. Oyunçular çox yorulublar. Onlar futbolun dadını tam hiss etdilər. Bu il bizim və Azərbaycan futbolu üçün böyük təcrübə oldu".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Frayburq"la oyundan sonra keçirilən mətbuat konfransında deyib. 
O, sona qədər mübarizə apardığı üçün komandanın üzvlərinə və dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib. 
“Restoranlarda böyük monitorlarda azarkeşlər oyunlarımızı izləyirlər. 2022-ci il futbol ili oldu. Fanatlara da bizimlə olduqları üçün təşəkkürümü bildirirəm. Qalib gəlmək istəyirdik. Bunu bacara da bilərdik. Cari mövsüm avrokuboklardakı matçlara görə futbolçularıma təşəkkür edirəm".
50 yaşlı mütəxəssis "Frayburq"la oyundakı hakimlik məsləsinə də toxunub. "Həmin epizodda bəlkə də oyundan kənar vəziyyət var idi. Amma ondan əvvəl Yankoviçin ayağına zərbə dəymişdi. Epizodda xətt də çəkilmədi. Üstündə keçdilər. Bütün oyunlarda ofsayt xətti göstərilirsə, burada da olmalıdır. Hamıya eyni gözlə baxılmalıdır. Hakimlər haqqında danışmağın faydası olub-olmadığını bilmirəm. Hakimlər kənarda qalıb, VAR sistemi işləyir. Nə istəyirlər, onu da edirlər. O epizodda qol sayılsaydı, komanda daha istəkli olardı. Bilmək olmazdı ki, sonra qırmızı vərəqə olacaqdımı, ya yox. Qırmızı vərəqə, 10 nəfərlə mübarizə aparmaq, qol vurmaq futbolun sevilən məqamlarıdır. Görünən odur ki, verilən qərar nəticəyə təsir etdi", - deyə Qurban Qurbanov qeyd edib.