Noyabrın 12-də həndbol üzrə XXIX Azərbaycan çempionatına start veriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarış paytaxtın Nərimanov rayonundakı “AHF Arena” idman kompleksində keçiriləcək.
Aprelin 30-dək davam edəcək çempionatda 12 komanda qüvvəsini sınayacaq. Bu komandalardan 7-si kişi, 5-i isə qadın komandasıdır. "Dairəvi” sistem üzrə keçiriləcək turnir dörd dövrədən ibarət olacaq.
Azərbaycan Həndbol Federasiyası tərəfindən təyin olunan hakimlər kollegiyasının idarə etdiyi yarışlarda yeni qaydalar tətbiq olunacaq.
Əsasnaməyə uyğun olaraq, komandaya qələbəyə görə üç xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək.
Qalib komanda iki, məğlub isə bir xal qazanacaq.
Çempionatda ilk üç yeri tutan həndbolçular nazirliyin diplomları və Azərbaycan Həndbol Federasiyasının medalları ilə təltif olunacaq. Həmçinin qaliblər federasiya tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Azərbaycan çempionatına start veriləcək