Noyabrın 5-də Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə dünya kuboku yarışının təntənəli açılış mərasimi olub. Əvvəlcə yarış haqqında məlumat verilib. Sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək qonaqları salamlayıb.
Nazir güləşin Azərbaycanda ən məşhur idman növlərindən biri olduğunu vurğulayıb: "Bu növdə kifayət qədər yaxşı nəticələrimiz var. Azərbaycan Güləş Federasiyası da çox fəaldır. Dünya kuboku yarışının təşkilatçılığı da bunu deməyə əsas verir. Dövlətin güləşə və idmana qayğısı həmişə hiss olunur. Dünən Bakıda cüdo üzrə "Böyük dəbilqə" turnirinin açılış mərasimində iştirak etdik. Bu gün isə başqa irimiqyaslı turnir başlayıb. İdman daim dövlətimizin və Prezidentin diqqətindədir. Bu yarışda və gələcəkdə digər turnirlərdə mübarizə aparacaq idmançılarımıza uğurlar arzulayıram".
Dünya Güləş Birliyinin (UWW) Büro üzvü, "UWW Avropa"nın prezidenti Karl-Martin Ditman yarışın əhəmiyyətini yüksək qiymətləndirib və UWW prezidenti Nenad Laloviçin salamlarını çatdırıb.
Daha sonra açılış mərasimi bədii hissə ilə davam edib. İlk olaraq meydana Azərbaycanın, daha sonra isə digər ölkələrin bayraqları gətirilib.
Bu gün A qrupunun İran - Qırğızıstan, Qırğızıstan - Türkiyə və B qrupunun Azərbaycan - Dünya yığması görüşləri keçiriləcək.
B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən turnirdə iştirak etməyəcək.
Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.
Bakıda dünya kuboku yarışının açılış mərasimi olub