Futbol üzrə Misli Premyer Liqasında XIII turun oyunalarına yekun vurulub. Turun son oyunu "Qarabağ" və "Kəpəz" komandaları arasında baş tutub. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda Ağdam təmsilçisi 3:1 hesabı ilə qələbə qazanaraq liderliyini qoruyub. Ağdam təmsilçisinin qollarını 16-cı dəqiqədə penaltidən Ramil Şeydayev, 76-cı dəqiqədə Musa Qurbanlı, 79-cu dəqiqədə Kvabena Ovusu vurub. Gəncə klubunun heyətində 75-ci dəqiqədə Yusif Nəbiyev fərqlənib. 88-ci dəqiqədə Musa Qurbanlı penaltidən yararlana bilməyib.
Bu nəticədən sonra xallarının sayını 36-a çatdıran "Qarabağ" liderliyini qorulub. "Kəpəz" 8 xalla 8-ci sırada qalıb.
Qeyd edək ki, günün ilk görüşündə "Sabah" səfərdə "Səbail"i iki cavabsız qolla üstələyib. Turun əvvəlki oyunlarında "Şamaxı" səfərdə "Turan Tovuz"a 3:1, "Qəbələ" evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib, "Sumqayıt" - "Neftçi" matçı isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.