Göyçayda kikboksinq klubunun açılışı oldu

Göyçayda kikboksinq klubunun açılışı oldu

8 Noyabr - Zəfər Günü Göyçay idmançıları üçün ikiqat sevinc yaşanıb. Belə ki, Azərbaycan Kikboksinq Federasiyası tərəfindən Göyçay Kikboksinq Klubunun açılışı olub. Müasir idman mərkəzinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin, Azərbaycan Kikboksinq Federasiyasının, gənclər və yeniyetmələr arasında kikboksinq yığma komandasının və Göyçay Kikboksinq Klubunun nümayəndələri iştirak ediblər.
Çıxışlarda uşaq və yeniyetmələrin bu idman növünə cəlb olunması üçün yeni açılan klubda hər cür şəraitin yaradıldığı vurğulanıb, məşqçilərə və idmançılara uğurlar arzu edilib. Bildirilib ki, Azərbaycan Kikboksinq Federasiyası tərəfindən Göyçayda bu cür möhtəşəm idman klubunun açılması, eləcə də regionlar arasında ilk dəfə kikboksinq və boks məşqlərinin, mötəbər yarışların yüksək səviyyədə keçirilməsi üçün burada müasir rinqin quraşdırılması sevindirici haldır. Bu idman klubunda kikboksinq, boks, taekvondo və digər idman növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.
Göyçay Kikboksinq Klubuna Avropa çempionu olan və 10 ildən çoxdur ki, kikboksinq üzrə məşqçi kimi çalışan Rüstəm Rüstəmov rəhbərlik edəcək. Rayonda bu klubun açılışı böyük marağa səbəb olub, 40 nəfərə yaxın uşaq burada məşqlərə qoşulmaq üçün müraciət edib.