Şamaxı rayon Gənclər və İdman İdarəsinin və Şamaxı Olimpiya Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Orxan Fikrət oğlu Salehovun xatirəsinə həsr olunan 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə turnir keçirilib. Şamaxı Olimpiya Mərkəzində təşkil olunan yarışda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin müstəqilliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, Olimpiya Mərkəzinin direktoru Səbuhi Qarayev, YAP rayon təşkilatının sədri Tural Qasımlı, şəhidin atası Fikrət Salehov çıxış ediblər. Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışılıb, bu Qələbənin şəhidlərimizin qanı bahasına başa gəldiyi, onların xatirəsinin daim qəlblərdə yaşayacağı söylənib, yeniyetmə idmançılara uğurlar arzulanıb.
Qeyd edək ki, yarışlarda mübarizəyə 10 çəki dərəcəsi üzrə müxtəlif rayon və klubları təmsil edən 110 idmançı qoşulub.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışların sonunda qalib gələn idmançılar Təşkilat Komitəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.
Vətən müharibəsi şəhidinin xatirəsinə güləş turniri keçirilib