Rəşad Sadıqov: “Rusiya millisi bizə istədiyimiz oyunu göstərməyə imkan vermirdi”

Rəşad Sadıqov: “Rusiya millisi bizə istədiyimiz oyunu göstərməyə imkan vermirdi”



Rusiya millisi ilə oyundan sonra Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı. Millimizin və "Qarabağ” klubunun kapitanı Aleksandr Səmədovla bağlı verilən suallara da aydınlıq gətirdi.

- Belə erkən qol buraxacağınızı gözləyirdiniz?
- Yox, gözləmirdik. Əlimizdən gələni edirdik ki, yaxşı müdafiə olunaq. Bu, rəqibin ilk ciddi hücumu idi ki, o da qolla nəticələndi. Bu, bizim üçün çox gözlənilməz oldu. Bundan sonra rəqib topu özündə çox yaxşı saxlayırdı. Heyətlərində çox güclü futbolçular var. Onlar oyunun tempini aşağı salmağa çalışırdı. Birinci hissədən sonra paltardəyişmə otağında danışığımız oldu ki, məğlub olmayaq. Ancaq fasilədən sonra 5-10 dəqiqə istədiyimiz futbolu oynasaq da, ruslar yenə üstünlüyü ələ aldı və topa nəzarət etməyə başladılar. 1-2 qol vəziyyəti də oldu. Kamran Ağayev çox yaxşı çıxış etdi. Şükürlər olsun ki, sonda məğlub olmadıq.

- Oyundan sonra Aleksandr Səmədovla danışığınız oldu. Nə danışdığınızı bilmək olarmı?
- Matç başa çatdıqdan sonra onun özü mənə yaxınlaşdı. Gördüm, mənə tərəf yaxınlaşır, mən də ona tərəf getdim. Mənə dedi ki, siz məni düz başa düşməmişsiniz, sizə belə söz demək istəmirdim. O dedi ki, Rusiyada yaşayan bir insandır və onun dediyi sözlər orada normal qarşılanır. Mən də ona başa saldım ki, sənin əslin Azərbaycandandır və bilməli idin ki, bizdə belə sözlər qəbuledilməzdir. O məni başa düşdü və normal şəkildə ayrıldıq.

- Göstərdiyiniz oyun nəticədə öz əksini tapdı?
- Deyərdim ki, Rusiya millisi bizə istədiyimiz oyunu göstərməyə imkan vermirdi. Onlar bu il çox güclü çıxış edirlər. Özünüz də görürsünüz ki, ruslar Portuqaliya kimi yığmanı qrupda geridə qoydular. Əsas odur ki, seçmə mərhələdə cəmi 3 oyunda məğlub olduq. Onun 2-si Portuqaliya və 1-i Rusiyaya səfərdə məğlubiyyətimizdir. Uşaqlarda sanki əzmkarlıq artıb. Sonadək mübarizə aparırıq. Çalışırıq ki, məğlub olmayaq. Ustalıq səviyyəmiz o qədər böyük deyil ki, hazırda Rusiya millisindən üstün oyun göstərək. Rəqib pressinq tətbiq edəndə topu özümüzdə saxlamağa çətinlik çəkirdik.

- Oyundan əvvəl bizim xal alacağımıza ruslar inanmırdı. Demək olarmı ki, bu heç-heçə onlara bir cavab oldu?
- Bizim heç kimə cavab vermək niyyətimiz də yox idi. Sadəcə olaraq, bizə bir xoşagəlməz kəlmə ünvanlanmışdı. Mən də onun cavabını vermək istədim. Ancaq bilmirdim ki, bu belə böyük ajiotaj doğuracaq. İstəməzdim ki, açıqlamamdan sonra belə ajiotaj yaransın. Səhər oyundan əvvəl keçirilən mətbuat konfransına gələndə həmin açıqlamaları oxumuşdum. Mənə pis təsir etmişdi. Ona görə orada özümü saxlaya bilmədim. Bildirdim ki, bizim ünvanımıza bir də belə kəlmələr istifadə olunmasın. Futbolda kimdənsə zəif ola bilərik. Ancaq bu heç kimə bizə qarşı artıq söz işlədilməsinə imkan vermir.

- Qazandığımız 9 xal əzmkarlığın nəticəsidir, yoxsa artıq milli yaxşı oynamağa başlayıb?
- Bu seçmə mərhələdə millimiz çox əzmkar oynadı. Bir çox matçlarda sona kimi mübarizə apardı. 9 xalın da bunun nəticəsi olduğunu düşünürəm. Daha da çox ola bilərdi. Xüsusilə də Lüksemburq yığması ilə ev oyununda qələbə qazana bilərdik. Amma alınmadı. Fikrimcə, növbəti seçmə mərhələdə daha yaxşı çıxış edə bilərik.

Rahib Səmədov