Mahir Şükürov: “Berti Foqtsun qalmasını hamı istəyir”

Mahir Şükürov: “Berti Foqtsun qalmasını hamı istəyir”


Millimizin Rusiya yığması ilə oyunundan sonra Mahir Şükürov jurnalistlərin suallarını cavablandırıb. Yığmamızın və "Neftçi”nin sağ cinah müdafiəçisi olan təcrübəli futbolçu qolun ötürməsini verdiyi üçün sevindiyini vurğulayıb.

- Rusiya yığması ilə keçirilən oyunla bağlı nə deyə bilərsiniz?
- Bilirdik ki, çətin oyun olacaq. Düzdür, çoxları bu matçı siyasətə çevirirdi. Biz isə çalışırdıq ki, qələbə qazanıb azarkeşlərimizi və mətbuat nümayəndələrini sevindirək. Qələbə qazana bilmədik. Ancaq buna baxmayaraq, məncə, 1:1 hesabı da pis hesab deyil. Seçmə mərhələni 9 xalla başa vurduq. Bu da Azərbaycan futbolu üçün yenilikdir.

- Azlıqda qaldıqdan sonra ruhdan düşmüşdünüz?
- Əlbəttə, 10 nəfərlə qaldıqdan sonra bizə çətin oldu. Onlar da topu özlərində saxlamağa başladılar. Biz Rəşad Sadıqovla danışdıq ki, komandanı irəli aparaq. Çünki irəli getməsək, onlar arxada top saxlayıb vaxt qazanacaqdılar. Şükürlər olsun ki, cərimə zərbəsi oldu. Qara Qarayevdən topu vurmağı özüm istədim. Rəqib qapısı qarşısına ötürdüyüm top yaxşı alındı və hesabı bərabərləşdirdik.

- İstərdiniz ki, Aleksandr Səmədov sizin yer aldığınız cinahda oynayardı?
- İstərdim. Ancaq o da futbolçudur. Səmədovu da qınamaq düz deyil. O, uşaqlıqdan Rusiyada böyüyüb. Hamımızın onun üstünə düşməyimiz düz çıxmır. Rusiya millisini seçməsi Səmədovun qərarıdır və hər bir futbolçunun qərarına hörmətlə yanaşmalıyıq. Mən Dmitri Kombarovla eyni cinahda oynamağı istəyirdim. Hazırda "Spartak”da oynasa da, mən "Anji”də olan vaxt o "Dinamo”da idi. Yəni onu Rusiyada oynadığım vaxtdan tanıyırdım. Onunla üzbəüz oynadığımdan, Kombarovla eyni cinahda çıxış etməyim mənim üçün problem deyildi.

- Vurduğumuz qoladək millimiz Rusiya yığmasından çəkinirdi. Bu haqda nə deyə bilərsiniz?
- Rusiya yığması da güclü komandadır. Onlar bizim oyunumuzu analiz etmişdi. Bilirdilər ki, hansı cinahlardan ən çox hücum qururuq. Ona görə də oyunumuz alınmırdı. Necə deyərlər, matçda bir şans yarandı. Ondan istifadə etmədinsə, uduzursan. Biz də bu şansdan son dəqiqələrdə yararlandıq.

- Berti Foqtsun qalmasını istəyirsinizmi?
- Berti Foqtsun qalmasını hamı istəyir. Bu gün də gördük ki, onunla 9 xal yığmışıq. Məncə, gələcəkdə komanda daha da yaxşı olacaq.

- Son 2 oyunda qəhrəmana çevrildiniz. Ötən dəfə qol vurdunuz, bu dəfə isə ötürmənizdən sonra qol vuruldu. Bu sizdə arxayınlaşma yaratmayacaq?
- Yox, mənim 30-31 yaşım var. Bu vaxta kimi məndə arxayınçılıq olmayıb. Əksinə istəmişəm ki, göstəricilərimi bir az da artırım. Səhər tezdən qurban kəsmişdim. Saat 6-nın yarısında əti paylamışdım Mirmövsüm ağa pirinə. Bəlkə də hamısı bunun köməkliyidir.

- Ötən dəfə vurduğunuz qoldan sonra topu neylədiniz?
- O artıq evdədir (gülür). Budəfəki topu isə götürmədim.

- Ümumilikdə seçmə mərhələni necə qiymətləndirirsiniz?
- Bu, seçmə mərhələdə ən yaxşı göstəricimizdir. Cəmi 3 oyunda məğlub olmuşuq. Qalan oyunlarda heç-heçə etdik və qələbə qazandıq.

- DÇ-2014-ün seçmə mərhələsi başa çatdı. Qarşıdan isə Estoniya və Qırğızıstan milliləri ilə yoldaşlıq oyunları gəlir. Həmin matçlara motivasiya necə olacaq?
- Yoldaşlıq oyunu ilə seçmə görüş arasında motivasiya fərqli olur. Çünki seçmə mərhələdə xal toplayırsan. Onlara qarşı matçlara da ciddi hazırlaşacağıq. Hər şey özümüzdən asılıdır.

- Ancaq həmin yoldaşlıq oyunlarına çağırılmasanız, yəqin ki inciməyəcəksiniz. Çünki ola bilər ki, gənc futbolçular dəvət olunsun...
- Niyə inciyirik ki? Problem yoxdur.