Millimizin Rusiya yığması ilə oyunundan sonra rəqib komandanın sağ cinah yarımmüdafiəçisi Aleksandr Səmədov yerli mətbuata müsahibə verdi. Moskva "Lokomotiv”inin futbolçusu ona qarşı edilən təzyiqlərə də aydınlıq gətirdi.
- Oyunun yekun nəticəsindən razı qaldınızmı?
- Yaxşı oyun alındı. Maraqlı qarşılaşma keçdi. Heç-heçə qeydə alındı. Ancaq qələbə qazanmaq istəyirdik.
- Sizə qarşı yerli azarkeşlər tərəfindən təzyiq var idi...
- Elədir. Ancaq mənə qarşı olan təzyiq xoş deyildi.
- Siz belə təzyiqi gözləyirdiniz?
- Xeyr. Azarkeşlərin mənə qarşı belə təzyiq edəcəyini gözləməzdim.
- Belə reaksiya sizin Azərbaycan haqqında təəssüratlarınızı korlamadı ki?
- Yox. Onun buna dəxli yoxdur. Ölkə haqqında təəssüratlarım əladır. Bakı mənim xoşuma gəldi.
- Sizin şəhəri görmək imkanınız oldu?
- Əlbəttə. Biz stadiona avtobusla gəlmişik. Həmin yarım saat ərzində şəhəri görmək imkanım oldu. Gözəl şəhərdir.
- Oyundan sonra siz Rəşad Sadıqova yaxınlaşdınız. Onunla nə haqqında söhbət etdiniz?
- Biz sadəcə oyundan əvvəl verdiyimiz açıqlamalara aydınlıq gətirməyə çalışdıq. Bir-birimizin əlini sıxdıq. Ümumilikdə bir-birimizi başa düşdük və normal şəkildə ayrıldıq.
- Vətəniniz Azərbaycandır. Buranın millisini seçməməyinizin səbəbini bilmək olar?
- Mənim atam azərbaycanlıdır. Özüm isə Rusiyada, Moskvada doğulmuşam. Ona görə də Rusiya millisində oynayıram. Yığmada hansı milləti təmsil etməyin əhəmiyyəti yoxdur. Əsas doğulduğun yerdir.