Milli Olimpiya Komitəsinin inzibatı binasında Atletlər Komissiyasının üzvləri Azərbaycanın tanınmış idmançıları ilə görüşüblər. Əvvəlcə komissiyanın sədr müavini Fəridə Əzizova (taekvondo) bu il ərzində görülən işlər haqqında iştirakçılara məlumat verib. O Atletlər Komissiyasının idmana həvəsi olan qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə reallaşdırdığı “Qəhrəmanların varisləri” adlı layihənin nəticələrindən danışıb. Onun sözlərinə görə, layihəyə cəlb olunan 34 uşaqdan 17-si fəal şəkildə idmanla məşğul olur. Digər uşaqlar tədrislə əlaqədar layihədən uzaqlaşıblar. Fəridə Əzizova qarşıdakı illərdə daha çox uşaq və yeniyetmə ilə layihəni davam etdirəcəklərini bildirib.
Görüşdə iştirak edən idmançılar yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı Rafiq Hüseynov, böyüklər arasında taekvondo üzrə ikiqat dünya çempionu Milad Beigi Harçeqani və Azərbaycanın tanınmış kikboksçusu, “Ağ canavar” ləqəbli dəfələrlə Avropa və dünya çempionu olmuş Eduard Məmmədov onları narahat edən məsələləri komissiya üzvlərinin diqqətinə çatdırıblar. Qərara alınıb ki, budəfəki müraciətlərlə bağlı hər hansı fəaliyyət barədə yaxın günlərdə idmançılara məlumat verilsin.
İclasda komissiyanın yeni üzvü, bədii gimnast Zöhrə Ağamirova da iştirak edib.
Qeyd edək ki, komissiyanın sədri Rüstəm Orucov (cudo), sədr müavini Fəridə Əzizova (taekvando) üzvləri isə Zöhrə Ağamirova (bədii gimnast), Kamran Şahsuvarlı (boks), Nazim Babayev (atletika), Rəsul Çunayev (yunan-Roma güləşi) və Fatimə Əlkərəmovadır (üzgüçülük).
Atletlər Komissiyası idmançılarla Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynayır və karyeralarını yüksək nailiyyətlərlə başa vurmuş olimpiyaçılara dəstək vermək məqsədilə ictimai layihələrin reallaşdırılması baxımından əhəmiyyətə malikdir.