“Sevinirəm ki, mən də mənzil alan jurnalistlərin sırasındayam”

“Sevinirəm ki, mən də mənzil alan jurnalistlərin sırasındayam”


İyulun 22-də Azərbaycan Milli Mətbuatının 138 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev jurnalistlər üçün tikilmiş mənzillərin paylanması mərasimində iştirak etdi. Ölkə başçısı jurnalistlərə mənzil verilməsi təcrübəsinin ilk dəfə Azərbaycanda tətbiq edildiyini, binanın ərazisində gözəl kompleksin yaradılacağını, yeni infrastruktur layihələrinin reallaşdırılacağını söylədi. Prezident İlham Əliyev KİV nümayəndələrinə dəstək və onların sosial məsələlərinin həllinə bundan sonra da böyük diqqət göstəriləcəyini bildirdi.
Sevindirici haldır ki, mənzil verilən bir qrup jurnalist arasında əməkdaşımız, «Olimpiya dünyası» qəzetinin şöbə müdiri, «Olimpə doğru» jurnalının redaktorunun müavini Səadət Hakıyeva da var.


- Səadət xanım, sizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün tikilmiş binada mənzil almağınız münasibəti ilə təbrik edirik.

- 22 iyul mənim üçün ikiqat əlamətdar oldu. Bu gün Milli mətbuatımızın 138 illiyi qeyd olunur. Sevindirici haldır ki, 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan «Əkinçi» qəzeti ilə əsası qoyulmuş milli mətbuatımız növbəti bayramını təntənə ilə qeyd etdi. Bu gün ölkəmizdə söz və mətbuat azadlığının inkişafına dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə KİV sahəsində çalışanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə jurnalistlər üçün xüsusi çoxmərtəbəli bina tikildi. 22 iyul Milli Mətbuat Günündə bir qrup KİV nümayəndəsinə yeni mənzillər təqdim olundu. Sevinirəm ki, mən də mənzil alan jurnalistlərin sırasındayam. Sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm. Uzun illərdir ki, mənzilə ehtiyacım var idi. "Olimpiya dünyası” qəzetinin rəhbərliyinin də bu məsələ ilə bağlı ədalətli qərarı həm məndə, həm də kollektivdə böyük ruh yüksəkliyi yaratdı. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması bir daha sübut edir ki, ölkəmizdə digər sahələrə olduğu kimi, mətbuat sahəsinə də dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Ölkə başçısının jurnalistlərə göstərdiyi bu böyük qayğı, həm də hər bir Azərbaycan vətəndaşına göstərdiyi qayğının bariz nümunəsidir. Milli Mətbuat Günündə KİV nümayəndələri üçün tikiləcək yeni binanın təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı bir daha onu göstərir ki, ölkəmizdə bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər uğurla davam etdiriləcəkdir. Uzun illər mətbuat sahəsində çalışan bir insan kimi fəaliyyətimə verilən qiymət, hesab edirəm ki, həm də əməkdaşı olduğum qəzetin kollektivinin əməyinə verilən qiymətdir. Fürsətdən istifadə edib, bir daha Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə mənzillə təmin olunduğuma, ümumiyyətlə, jurnalistlərə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığımı bildirirəm.


- Necə oldu ki, jurnalistikanı seçdiniz?

- Bilirsiniz, kiçik yaşlarımdan məndə mütaliə etməyə, kitab oxumağa böyük həvəs var idi. Əlimə aldığım bədii əsəri bir-iki günə oxuyub qurtarırdım. Bir yerə qonaq gedəndə birinci kitab rəfinə yaxınlaşırdım, xoşuma gələn kitab olanda bəzən oğurlayırdım da (Gülür). Amma oxuyandan sonra qaytarırdım. Orta məktəbdə ədəbiyyatdan yoxlama yazı işi yazanda daha çox sərbəst mövzulara üstünlük verirdim və təvazökarlıqdan uzaq olsa da, yaxşı da yazırdım. Etiraf edim ki, sinifdə məndən başqa sərbəst mövzuya müraciət edən olmurdu. Düşünürəm ki, bu da jurnalistikaya, jurnalistlik peşəsinə olan məhəbbətdən irəli gəlirdi. Bir də jurnalist olmağımı rəhmətlik atam çox arzulayırdı. Tale elə gətirdi ki, müəllimliyi seçdim. M.F.Axundov adına (indiki Slavyan Universiteti) Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutunu qurtarsam da, jurnalistika sahəsi daim məni özünə çəkirdi. Düşünürəm ki, insan həyatda öz yerini tapmayanda, sevdiyi peşə üzrə çalışmayanda özünü çox narahat hiss edir. Bu günə qədər gördüyüm işlərə baxanda peşman olmuram. Sevinirəm ki, sevdiyim işlə məşğulam və arxaya baxanda peşman olmuram. Sevinirəm ki, səmimi, mehriban kollektivdə çalışıram.